Zərdab rayonunda koronavirus xəstəsinə cinayət işi açılıb.
Bu barədə Zərdab Rayon Prokurorluğu məlumat verib.
Bildirilib ki, Zərdab rayon sakini 1971-ci il təvəllüdlü Ağayev Səbuhi İlyas oğlu 19.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejimi pozaraq 27.11.2020-ci il tarixdə Zərdab rayonu ərazisində ərzaq mağazasında rayon sakinləri ilə təmasda olub. Yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.