“Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək” Dekabrın 11-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2005-ci il qanununun ləğv edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2006-cı il qanununun ləğv edilməsi haqqında layihələri müzakirəyə çıxarıb. Sənədlər barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu memorandumların kökündə SSRİ dövründəki mövcud qaydalar əksini tapıb. O qeyd edib ki, hazırda Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən bir viza sistemi yaradıb: “Eyni zamanda sərhəd rejimini, təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur. Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb. Hüquqi baxımdan belə memorandumların müddəalarına ehtiyac qalmır. Xarici İşlər Nazirliyi dekabrın 9-da bu memorandumların ləğvi barədə mövqe bildirib”. Əli Hüseynli deyib ki, hansısa dövlətlə xüsusi norma düşünülmür: “Bütün dövlətlərə aid edilən bir baza yaradırıq”. Deputat Qüdrət Həsənquliyev müzakirəyə çıxarılan sənədlərin əleyhinə olduğunu söyləyib: “İranın müəyyən cəhdləri olub, təhlükəsizlik orqanlarımız qarşısını alıb. Qoy Cənubi Azərbaycandakı soydaşlarımız da, farslar özləri də Azərbaycana gəlsinlər. Biz İranla ümumiyyətlə viza rejimini aradan qaldırmalyıq. Özü də tək İranla yox, Avropa ilə də aramızdakı vizanı götürməliyik. Rusiya ilə viza rejimi götürülüb, hansı problem yaranıb? İran 1 milyon müsəlmanı torpağından didərgin salmış Ermənistanla əlaqə saxlayır, bu ölkənin ayaq üstə qalmasına yardımçı olur. Bununla da Ermənistana yardımçı olur. Ancaq sərhədlərin qapanması çıxış yolu deyil. Ona görə də bu məsələyə etirazımı bildirirəm, əleyhinə səs verməyə çağırıram”. Deputat Siyavuş Novruzov deyib ki, bu gün İranla bağlı statistikaya baxılsa, İrandan Azərbaycan vətəndaşlarının nə isə alması, ticarət əlaqəsi qurması halı sıfır səviyyəsindədir: “Bu memorandum sərhəd bölgələrində yaşayanların ticarət əlaqəsini nəzərdə tuturdu. Bu gün Azərbaycan vətəndaşları viza almadan İrana keçə bilər. Lakin biz müxtəlif dini cərəyanların, narkotik dövriyyəsinin qarşısını almaq üçün belə addımlar atmalıyıq. Bu, tək farsa yox, orada yaşayan soydaşımıza da aiddir. Biz Azərbaycana gələn şəxslərin kim olduğunu bilməliyik. Bu günün tələbi odur ki, belə olmalıdır”. Deputat Zeynəb Xanlarova Qüdrət Həsənquliyevin çıxışını dəstəkləyib: “İranda olanlar bizim qardaşlarımızdır. Qardaşı qardaşdan ayırmaq olar? İndi bəziləri xəstədir, İranda müalicə olunmaq istəyir. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil. Mən bu qərarın əleyhinə səs verəcəm. Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək. Yox, millətimizi qoruyuruqsa, Milli Təhlükəsizlik Nazirliyi nə üçündür, yoxlasınlar”. Ziyafət Əsgərov eyib ki, söhbət düşmən olmaqdan getmir, orada yaşayanlar qardaşlarımızdır: “Memorandumların vaxtı bitib, ya uzadılmalı, ya da ləğv olunmalıdır. Bu barədə danışıqlar aparılır. O qardaşlar yenə Azərbaycana gəlib gedəcəklər, ancaq viza ilə! Viza rejimi tətbiq olunacaq, sonra bu məsələyə qayıdıla bilər”. Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib./mediaforum/