Zeynəb Xanlarovadan sərt reaksiya: 'Buna nə axtarış, nə araşdırma? Aydın görünür ki, əsgərimizi döyüb bu hala salıblar'

Zeynəb Xanlarovadan sərt reaksiya:
Bütün Xəbərlər
15:35 12.01.2013
2471
“Milli Ordumuzun əsgərinin ölümü xəbərindən sonra yuxularım belə qaçıb, bu hadisə mənə çox pis təsir elədi. Əsgərimizin cansız bədəninin fotosunu görəndə bir anlıq düşündüm ki, ay Allah, görəsən onun anası indi nə çəkir? Şəxsən mən həmin şəkli görəndən, dəli kimiyəm, ürəyim partlayır, belə müsibət olmaz”.Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova bu fikirləri Daşkəsəndəki “N” saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovun öldürülməsinə münasibət bildirərkən söyləyib. Böyük sənətkarımız “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əsgərin ölümü ilə bağlı araşdırmaların aparılmasına əslində ehtiyac yoxdur, faciə göz qabağındadır: “Buna nə axtarış, nə araşdırma? Aydın görünür ki, əsgərimizi döyüb bu hala salıblar. Buna nə ad vermək olar? Bəs bunun komandiri, digər böyükləri harda idi? Məgər əsgər döyülərkən onu görən olmayıb? Kimdir onu döyüb bu hala salan?” Z.Xanlarova günahkarlara ən ağır cəzanın verilməsini istəyir: “Necə yəni? Ana övlad böyütsün, boya-başa çatdırıb sağ-salamat əsgərliyə göndərsin, üstünə tabutda qaytarsınlar? Onu bu hala salanın özünü istintaqsız- filansız döyə-döyə öldürmək lazımdır. Eşitdiyimə görə deyiblər ki, guya ürəyi xəstə olub. Bəs, ürəyi xəstə olanı əsgərliyə niyə göndərirsiniz? Bunlar hansı bəhanədir”.
OXŞAR XƏBƏRLƏR