Zibil tüstüsü ağciyərləri sıradan çıxara bilər – Pulmonoloqdan xəbərdarlıq

Zibil tüstüsü ağciyərləri sıradan çıxara bilər – Pulmonoloqdan xəbərdarlıq
SAĞLAMLIQ
17:22 11.08.2026
271
"Şəhərdən yığılan zibillər belə bir zibilxanaya gətirilir və gün ərzində yandırılır”

Bu sözləri bloger Kamran Razmovar sosial şəbəkə hesabında paylaşdığı videoda qeyd edib. Bloger bildirib ki, tullantıların yandırılması həm ətraf mühitə, həm də ətraf ərazilərdə yaşayan insanların sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edək ki, tullantıların yandırılması vaxtaşırı gündəmə gələn problemlərdəndir. Belə hallarda havaya yayılan tüstü və kəskin qoxu ətraf ərazilərdə yaşayan sakinlərin narahatlığına səbəb olur. Tullantıların açıq ərazidə yandırılması atmosferə müxtəlif çirkləndiricilərin yayılması ilə bağlı da narahatlıq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, tullantıların yandırılması zamanı yaranan tüstü tənəffüs yollarına ciddi zərər verə bilər:

"İnsan tənəffüs yolları təmiz hava üçün nəzərdə tutulub. Tənəffüs yollarına yad tozların, qazların və zərərli maddələrin daxil olması müxtəlif ağır təsirlərə səbəb ola bilər. Məişət tullantıları qarışıq məhsul olduğuna görə onların yandırılması zamanı müxtəlif kimyəvi maddələr meydana çıxır. Xüsusilə plastiklərin və tərkibində ağır metallar olan tullantıların yanması nəticəsində yaranan zərərli qazlar tənəffüs yollarını qıcıqlandırır və orqanizmə mənfi təsir göstərir”.

Pulmonoloq qeyd edib ki, belə tüstülər xüsusilə allergiyası, tənəffüs yollarında həssaslığı və xroniki ağciyər xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir:

"Ən çox təsirə məruz qalanlar üst və alt tənəffüs yollarında allergiyası və həssaslığı olan insanlardır. Belə şəxslərdə tullantı tüstülərinin təsiri xəstəliklərin kəskinləşməsinə gətirib çıxara bilər. Uzun illər siqaret çəkən və tənəffüs yollarında zədələnmələri olan insanlarda da bu tüstülər nəfəs darlığını artıra, ağciyərlərin zədələnməsini daha da ağırlaşdıra bilər. Xroniki obstruktiv ağciyər xəstəliyi və allergik astmanın kəskinləşməsinə səbəb ola bilər. Bu isə ciddi fəsadlarla nəticələnə bilər”.

Ə.Beydullayev vurğulayıb ki, tullantıların yandırılması yalnız xəstəliyi olan insanlar üçün deyil, sağlam şəxslər üçün də zərərlidir:

"Bu cür tullantıların yandırılmasına yol verilməməlidir. Bu, təkcə xəstəliyi olan insanlar üçün yox, eyni zamanda sağlam insanlar üçün də zərərlidir. Biz həmin yanma məhsulları ilə nəfəs almamalıyıq. Eyni zamanda, bu, ətraf mühitə də ciddi zərər vurur”.

Həkim tullantıların çeşidlənərək təkrar emala yönəldilməsinin daha düzgün yanaşma olduğunu bildirib:

"Tullantılar konteynerlər vasitəsilə toplanmalı, çeşidlənməli və təkrar istifadə oluna bilən hissələri yenidən istehsalata yönəldilməlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim zibil adlandırdığımız məişət tullantıları əslində çox dəyərli xammaldır. Düzgün çeşidlənərsə və istifadə olunarsa, onlardan ikinci istehsal üçün çox faydalı materiallar əldə etmək mümkündür. Ona görə tullantıları yandırmaq yox, təkrar istehsala yönəltmək daha doğrudur”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR