Ziya Məmmədovun oğlu: 'Qubanın icra başçısını döyməmişəm' - AÇIQLAMA

Ziya Məmmədovun oğlu:
Bütün Xəbərlər
12:43 13.03.2012
2290
“Mən heç kimi döyməmişəm. Belə bir şey olmayıb, ola da bilməz. Bu, sadəcə haqqımda yazılan növbəti böhtandır”. Bunu APA-ya açıqlamasında “ZQAN Holding” şirkətlər qrupunun Direktorlar Şurasının sədri, Amerika-Azərbaycan Alyansının təsisçisi Anar Məmmədov mətbuatda Qubanın sabiq İcra Hakimiyyəti başçısı Rauf Həbibovu kabinetində döyməsi barədə suala cavab verərkən deyib. A. Məmmədov bundan əvvəl barəsində yazılanlar barədə susqunluq nümayiş etdirməsinin də səbəbini açıqlayıb: “Susmağımın əsas səbəbi yalan bir şeyə reaksiya vermək istəməməyim idi. Reaksiyamı məhkəməyə müraciət etməklə bildirdim. Azərbaycan demokratik ölkədir, onun azad mətbuatı var. Bununla belə, yenə də hər bir insan haqqında nə isə yazmazdan öncə dəqiqləşdirmə aparmaq, bu haqda düşünmək, həmin insanı tanımaq lazımdır”. A. Məmmədov məhkəmə qərarı ilə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin ona ödəyəcəyi vəsaitdən imtina edib-etməyəcəyi barədə suala isə belə cavab verib: “Buna məhkəmə qərar verəcək, bu barədə indidən fikir söyləyə bilmərəm”. O, təsisçisi olduğu Amerika-Azərbaycan Alyansının fəaliyyəti barədə də danışıb: “Amerika-Azərbaycan Alyansı yeni təşkilatdır, 2011-ci ilin may ayında ABŞ-ın Vaşinqton şəhərində təsis edilib. Əsas məqsədimiz Azərbaycanı və azərbaycançılıq ideyasını, ölkəmizin həqiqətlərini, mədəniyyətini ABŞ-da tanıtmaqdır. Amerika-Azərbaycan Alyansının saytında yaradılmış bölmə vasitəsilə hər bir insan ABŞ prezidenti Barak Obamaya məktub ünvanlaya, öz fikirlərini bildirə bilər”.
OXŞAR XƏBƏRLƏR