Zorlamaqda təqsirli bilinən zabitlər həbs edilməyib

Zorlamaqda təqsirli bilinən zabitlər həbs edilməyib
Bütün Xəbərlər
12:08 12.10.2011
2097

AZXEBER.COM-un məlumatına görə, “Yeni Müsavat”ın ötən saylarında 4 zabitin 26 yaşlı qadını zorlaması haqda məlumat vermişdik. Hadisə oktyabrın 2-də baş verib. Məlumatda bildirilirdi ki, Milli Ordunun zabitləri xidmət etdikləri hərbi hissənin “UAZ” markalı xidməti avtomaşını ilə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarına gəliblər. Onlar bazar ərazisinə toplaşan və evlərin təmizliyi ilə məşğul olan qadınlara yaxınlaşıb hərbi hissədəki otaqları təmizləməyə bir nəfər axtardıqlarını deyiblər.

Daha sonra zabitlər Füzuli rayonundan məcburi köçkün 1985-ci il təvəllüdlü Naziləyə (adı şərtidir) yaxınlaşıblar. Xidmətçi qadına iş təklif edən zabitlər ondan hərbi hissədəki otaqları neçəyə təmizləyəcəyini soruşublar. Tərəflər 30 manata razılaşıblar. Mənbə bildirmişdi ki, hərbçilər qadını maşına mindirərək N saylı hərbi hissəyə qayıdıblar. Sonra isə onu otağa salıb zorlayıblar. Məlumatı verən qaynağımız demişdi ki, qadın müqavimət göstərmək istəsə də, onu döyüb xəsarət yetiriblər. Amma sonunda qadın hərbçilərin əlindən qaçaraq canını qurtara bilib və başına gələnlər barədə polisə məlumat verib. Hazırda məsələnin nə yerdə olmasını öyrənmək üçün ərazi üzrə Qaradağ Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Rayon prokurorunun köməkçisi Araz Qasımov “Yeni Müsavat”a bildirdi ki, həmin qadının ərizəsi araşdırılması üçün Bakı Şəhər Prokurorluğu vasitəsilə Hərbi Prokurorluğa göndərilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən isə dedilər ki, hələlik ərizə onlara daxil olmayıb. Məsələyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən münasibət öyrənmək istəsək də, cəhdimiz baş tutmadı. Onu da qeyd edək ki, hadisə ilə bağlı saxlanılan olmayıb.

OXŞAR XƏBƏRLƏR