Özünə diaqnoz qoyanların sayı artır - Həkimdən xəbərdarlıq

Özünə diaqnoz qoyanların sayı artır - Həkimdən xəbərdarlıq
SOSİAL
22:52 17.06.2026
135
Son illər Azərbaycanda bir çox insan xəstəlik əlamətləri hiss etsə də, vaxtında həkimə getmir. Mütəxəssislər bunun həm sosial, həm də psixoloji səbəblərlə bağlı olduğunu bildirirlər.
 
Bəs vətəndaşların özünü müalicəyə üstünlük verməsi hansı fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, əvvəllər də insanların həkimə gec müraciət etməsi halları müşahidə olunurdu, lakin hazırda bu tendensiya daha qabarıq şəkildə özünü göstərir.
 
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri sosial şəbəkələrin və internet resurslarının təsiridir:
"Bu gün sosial şəbəkələr, müxtəlif platformalar, süni intellekt tətbiqləri və internet portalları insanların həkimə müraciət etmədən özlərinə diaqnoz qoymağa çalışmasına səbəb olur. Əvvəllər insanlar daha çox qonşudan, tanışdan məsləhət alırdılar. Hətta zarafatla deyilirdi ki, hər məhəllədə bir "həkim qonşu” tapılır. İndi isə bu rolu sosial media fenomenləri, bloqerlər və influenserlər oynayır”.

Həkim qeyd edib ki, sosial şəbəkələrdə tibbi təhsili olmayan şəxslərin verdiyi tövsiyələr vətəndaşları yanlış istiqamətə yönləndirə bilir:
 
"Məsələn, dietologiya sahəsində bunu daha çox müşahidə edirik. Hər arıqlayan insan dietoloq deyil. Dietoloq olmaq üçün müvafiq tibbi təhsil almaq lazımdır. Eyni qayda psixoloqlara da aiddir. Psixologiya üzrə təhsili olmayan şəxs özünü psixoloq kimi təqdim edə bilməz”.

Günay Lətifova vurğulayıb ki, internetdə əldə olunan məlumatlar peşəkar tibbi müayinəni əvəz edə bilməz:

"Əgər insanlar ciddi sağlamlıq problemləri ilə üzləşmək istəmirlərsə, ilk növbədə həkimə müraciət etməlidirlər. Vaxtında aparılan müayinə bir çox ağır və təhlükəli xəstəliklərin qarşısının alınmasına, həmçinin erkən mərhələdə aşkarlanaraq uğurlu müalicəsinə imkan yaradır”.

Mütəxəssis vətəndaşları sağlamlıqları ilə bağlı qərar verərkən yalnız peşəkar həkim məsləhətlərinə etibar etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR