Aysel VəlizadəSəmimi olmağı, səmimi davranmağı hər kəs fərqli mənada başa düşür. Bəziləri üçün səmimi olmaq saxta təbəssüm, sevgi və qayğı göstərmək, yersiz zarafatlar etmək, qarşısındakı insanı incidəcək tərzdə hansısa xüsusiyyətini vurğulamaq deməkdir.
Əslində isə səmimiyyət insanın daxili ilə xarici aləminin vəhdətini ifadə edir: o, dürüst, açıqfikirli və dəqiq olmalıdır. Səmimi insan əsl düşüncələrini və kimliyini gizlətmir, mənfəət güdmür, özünü olduğundan fərqli göstərmir. Səmimiyyətin ən önəmli özəlliyi isə qəlbən yaşanmadığı halda, heç bir cür təqlid edilə bilməməsidir.
İnsanların çoxu məhz bu incə detalı gözdən qaçırır: özlərini qəlibə salıb, olmadıqları ruh halında və yaşamadıqları əxlaqda görünməyə çalışırlar. Hər nə qədər bunu təbii etməyə çalışsalar da, kənardakılar onların bu aciz halını görür. Və bu ruh halı onların davranışığına, danışığına sünilik gətirir. Bu süni davranışlar isə onların əsl xarakterini əks etdirmədiyi üçün insanlarda da onlar haqqında müsbət fikir əmələ gətirmir. Əksinə onların ikiüzlülüyü ortaya çıxır. Çünki hər insana sanki onun xarakterindəymiş kimi görünməyə çalışıb, onları öz təsirlərinə salacaqlarını düşünürlər.
Bunların əksinə, səmimi insanların bütün davranışları təbiidir və bu, insanlara dərin və müsbət bir təsir meydana gətirir. Çünki səmimi insanın baxışları, danışığı, üslubu, mimikaları təbii və təsirlidir.
Səmimiyyət isə Allah qorxusu və sevgisi ilə qazanılır. Quran əxlaqından xəbərsiz olan insanlar süni davranışlarda bir yanlışlıq görməz, mənfəətləri naminə heç sevmədikləri insanlara saxta sevgi, qayğı göstərə bilərlər.
Quran əxlaqını yaşayan insanlar isə bu davranışlardan uzaq olur, çünki qəlbində Allah qorxusu var. Heç bir zaman mənfəət uğrunda insanların razılığını axtarmağa çalışmırlar, çünki bu cür səviyyəsiz davranışların insanı həm Allah qatında, həm də insanların gözündə kiçildəcəyini bilirlər. Allahın qəlblərdə olanı bildiyinin şüurundadırlar, necə ki, bir ayədə bu şəkildə buyurulur:
Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi 24)
Bu səbəbdən, insanın qəlbində olanı ətrafındakılardan gizlətməsinin özünə heç bir faydası olmaz. Allah, onsuz da bunu bilir. İnsanın buna rəğmən başqalarını aldatmağa çalışması böyük bir ağılsızlıq və səmimiyyətsizlik olar.