Millət vəkili Qənirə Paşayeva Strasburqda AŞPA Nazirlər Komitəsi sədrinə "1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün təşkilatdan evlərinə dönmələrinə kömək göstərilməsini istəyir" deyib və ondan bir sədr kimi təşkilatın atacağı addımları soruşub.
AZXEBER.COM-un məlumatına görə, AŞPA-nın yaz sessiyasının birinci günündə keçirilən plenar iclasda AŞ Nazirlər Komitəsinə sədrlik edən Andorranın xarici işlər naziri Jilber Saboya Sunye çıxış edərək komitənin fəaliyyəti haqda hesabat verib və daha sonra nazir assambleya üzvlərinin suallarını cavablandırıb. Millət vəkili Qənirə Paşayevanın "Cənab sədr, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu bu günə kimi məcburi köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində heç bir nəticə əldə edə bilməyib. Avropa Şurası məkanında yaşayan 100 minlərlə azərbaycanlı köçkünlər Avropa Şurası, Parlament Assamleyacı, Nazirlər Kabinetindən onların öz evlərinə dönə bilməsinə kömək göstərilməsini, AŞPA-nın qəbil etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini istəyirlər. Bir sədr kimi sizin fikrinizcə Avropa Şurası bu istiqamətdə hansı addımlar atmalıdır? Nazirlər Komitəsinin sədri kimi sizin fikirlərinizi bilmək istərdik. Sizin bir sədr kimi, Avropa Şurasının bir üzvü olan Azərbaycanın torpaqlarının hələ də Avropa Şurasının üzvü olan Ermənistan tərəfindən işğalın davam etməsinə münasibətiniz necədir? Bu işğalın hələ də davam etməsinə sədr kimi münasibətiniz necədir?" sualımla yanaşı millət vəkili Rafael Hüseynov və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Yordi Çuk da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ermənilərin təcavüzkar siyasətinin hələ də davam etməsi, Azərbaycanlı qaçqın və məcburi köçkünlərinin öz torpaqlarına qayıtması və andorralı nazirin bu yaxınlarda Ermənistanla Azərbaycana etdiyi səfərlə bağlı sual ünvanlayıblar.
AŞ Nazirlər Komitəsinin sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər cür yardım göstərməyə hazırıq” deyən J. S. Sunye bunları deyib:“Biz Avropa Şurası Nazirlər Komitəsində iki ölkə arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir və sülh prosesini dəstəkləyirik. Bu prosesə hər cür yardım göstərməyə hazırıq. Bundan başqa, bildiyiniz kimi, Avropa Şurası Nazirlər Komitəsinin bir qrup səfiri bu ilin may ayında Ermənistanda, aprel ayında isə Azərbaycanda səfərdə olublar. Ermənistana etdiyimiz səfərlə bağlı hesabatımız artıq Nazirlər Komitəsində müzakirə edilib və bu səfərin nəticələri barədə yaxın vaxtlarda AŞPA da məlumatlandırılacaq. Azərbaycana gəldikdə, biz aprel ayında Bakıda olduq və bu səfərə aid hesabatımız da Nazirlər Komitəsinə təqdim olunacaq. Təbii ki, nəticələrə dair fikirlərimizi AŞPA ilə də bölüşəcəyik.