“1001 gecə”də adam öldürən deputatın qardaşı oğlu imiş - BAŞ PROKURORLUQ
Bütün Xəbərlər
01:03 19.07.2012
2255
“1001 gecə” istirahət mərkəzində törədilmiş qətlin üstü açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir. Prokurorluğun məlumatında deyilir ki, iyulun 17-də saat 03-00 radələrində Səbayel rayonunda yerləşən “1001 gecə” istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib:“Ramal Bayramovun aldığı xəsarətdən ölməsinə dair Səbayel rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülmüş, hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılmış və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilmişdir”.Məlumatda bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. “Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilmiş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində davam etdirilir” – prokurorluğun məlumatında deyilir.musavat.com-a daxil olan məlumata görə, Mirələmov Rəşad deputat Hüseynbala Mirələmovun doğmaca qardaşı oğludur. Xatırladaq ki, Şıxov çimərliyi yaxınlığında fəaliyyət göstərən “1001 gecə” restoranı H.Mirələmovundur.