Məlumatda bildirilir ki, «AzEurotel» BM 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi və Böyük Britaniyanın «LUKoil-Europe Ltd.» şirkətinin təsisçiliyi ilə (hər iki tərəfin iştirak payı 50% olub) yaradılıb. Hazırda 30 min nömrə tutumu və 27 min istifadəçisi olan «AzEurotel» BM istifadəçilərə bir qayda olaraq müasir və nümunəvi xidmətlər göstərməsinə baxmayaraq, son illərdə şirkətin maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər, kənar təşkilatlara külli miqdarda borclar yaranıb, müəssisənin investorlar üçün cəlbediciliyi azalıb və özəlləşdirməyə açılmasına baxmayaraq, bu proses başa çatmayıb.
«AzEurotel» BM-in xarici təsisçisi «LUKoil-Europe Ltd.» şirkətinin ləğv edildiyi və müştərək müəssisədəki payının alınmasından imtina edildiyi nəzərə alınaraq, eyni zamanda nizamnamə kapitalında 50% dövlət payı və 27 min abunəçisi olan bir müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, müəssisənin sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə, «AzEurotel»in təşkilati-hüquqi forması qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində «AzEurotel» MMC-ə çevrilməsi qərara alınıb.
«AzEurotel»in MMC-ə çevrilməsi prosesi zamanı müştərək müəssisənin baş direktoru Nuru Əhmədov öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.