"İRƏLİ" İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır. Birliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 2005-ci ildə 6 nəfər gənc tərəfindən gənclər hərəkatı kimi təsis olunan “İRƏLİ”nin qısa vaxt ərzində innovativ və kreativ fəaliyyəti cəmiyyətin diqqətini cəlb etmiş, təşkilatın sıralarına minlərlə gəncin qoşulmasına səbəb olmuşdur. Düzgün müəyyən edilmiş strategiya, iş planı sayəsində təşkilatın fəaliyyət radiusu genişlənmiş, kəmiyyət və keyfiyyət göstəriciləri artmışdır. Genişlənməkdə olan “İRƏLİ”-nin daha peşəkar fəaliyyət göstərə bilməsi üçün 9 Dekabr 2008-ci ildə hərəkatın buraxılması barədə qərar qəbul edilmişdir. 24 Dekabr 2008-ci ildə isə "İRƏLİ" İctimai Birlik kimi yenidən təsis olunmuşdur. Təsis Konfransında Millət vəkili Ceyhun Osmanlı təşkilatın sədri seçilmişdir. Hal-hazırda “İRƏLİ” yalnız Azərbaycanın deyil, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biridir. Sıralarında 24 000 nəfərdən artıq gənc və 12 təşkilatı birləşdirən "İRƏLİ" insan kapitalına ardıcıl investisiyanı ən effektiv və davamlı inkişaf yolu kimi görür. Təşkilat fəaliyyət göstərdiyi dövr ərzində 750-dən artıq layihə həyata keçirmiş və yalnız 2010 - 2012-ci illər ərzində keçirilən layihələrin benefisiarları 120 000 nəfərdən çox gənc olmuşdur. "İRƏLİ"-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə etmiş, eyni zamanda 13 xarici ölkədə nümayəndəliklər yaradılmışdır. 5 May 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyinin nizamnaməsinə əsasən təşkilatın İkinci Hesabat-Seçki Konfransı keçiriləcək. Konfrans Heydər Əliyev adına Respublika Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı təqdim olunacaq və dəyərləndiriləcək, təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcəkdir. “İRƏLİ” İctimai Birliyinin İkinci Konfransının təşkili ilə əlaqədar işçi qrupu yaradılmış və təşkilatın İdarə Heyətinin üzvü Hikmət İsmayılov işçi qrupunun sədri təyin edilmişdir. Eyni zamanda, 16 Aprel 2012-ci il tarixindən etibarən “İRƏLİ” İctimai Birliyinin bütün strukturlarının təmsilçiləri (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul olunmuşdur.