Şəki rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən məlumat verilib. Məlumata görə, bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 138-ci kilometrliyində, Şəki rayonu ərazisində baş verib. 1965-ci il təvəllüdlü Şəki rayonu Baş Zəyzid kənd sakini Gülməmmədov İlham Ağaməmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobillə, 1976-cı il təvəllüdlü Şəki rayonu Aşağı Küngüt kənd sakini Dəmirov Əmir Əlif oğlunun idarə etdiyi VAZ 2101 markalı avtomobil toqquşub. Baş vermiş qəza nəticəsində VAZ 2106 markalı avtomobilin sürücüsü İlham Gülməmmədov və onun sərnişinləri 1935-ci il təvəllüdlü, Şəki şəhər sakini Gülməmmədov Ələhməd Balaməmməd oğlu və 1945-ci il təvəllüdlü Şəki şəhər sakini Gülməmmədova Elmira İsmayıl qızı aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına(MŞX) yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Elmira Gülməmmədovanın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.