Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunun düşmənlə təmas xəttində yerləşən Soyuq döyüş bölgəsində birinci eşalon bölmələrində xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Məclisinin sədri Vasif Talıbova raport verib.
Ali Məclisin sədri şəxsi heyəti salamlayıb, çətin təbii şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkürünü bildirərək deyib: “Ordu o zaman güclü olur ki, orduda yüksək nizam-intizam və döyüş əhval-ruhiyyəsi olsun. Bu gün Soyuq döyüş bölgəsində xidmət edən əsgərlərimiz də yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Burada hərbi nizamnamələrin tələblərinə uyğun olaraq, xidmət yüksək səviyyədə təşkil olunub”.
Ali Məclisin sədri bildirib ki, şəxsi heyət arasında qarşılıqlı hörmət, dostluq və qardaşlıq münasibətləri formalaşıb. Bu da hərbi xidmətdə mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Bu döyüş bölgəsində əsgərlərimizi birləşdirən birinci məfhum isə Vətən torpaqlarının etibarlı şəkildə qorunmasıdır. Bu müqəddəs amalı yerinə yetirməyin də başlıca meyarı ciddi nizam-intizam və qarşılıqlı hörmətdir.
Ali Məclisin sədri əsgərlərimizə möhkəm cansağlığı, Vətən torpaqlarının qorunmasında mərdlik və mübarizlik arzulayıb.
Leytenant Nəsib Zeyniyev deyib ki, ölkəmizin artan iqtisadi qüdrəti ordunun müasirləşməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə səbəb olub: “Silahlı Qüvvələrimizə dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin təminatçısı kimi baxan hər bir azərbaycanlı ordumuzla, sözün əsl mənasında, qürur duyur”. Muxtar respublikada da Vətənin keşiyində dayanan əsgər və zabitlərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu bildirən Azərbaycan Ordusunun zabiti belə yüksək qayğının müqabilində xidməti vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərini vurğulayıb.
Ali Məclisin sədri xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə mükafatlandırıb, tabor mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildirilmişdir ki, əsgər yataqxanasında şəxsi heyət üçün lazımi şərait yaradılıb, əsgərlər isti geyim və yataq dəstləri ilə, kalorili qidalarla təmin ediliblər. Tabor mərkəzindəki tibb məntəqəsində şəxsi heyətin tibbi müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb.
Qeyd olunub ki, tabor mərkəzinin yenidən qurulan anbarlarında 8 aylıq ərzaq və yanacaq ehtiyatı yaradılıb, ət, süd, meyvə-tərəvəz məhsulları, ət və balıq konservləri, şəkər tozu, şirniyyat və digər ərzaq məhsulları tədarük olunub. Burada fəaliyyət göstərən çörək sexində gündəlik tələbata uyğun keyfiyyətli çörək bişirilir.
Tabor mərkəzinin həyətində xüsusi təlim və idman meydançaları yaradılıb, açıq idman qurğuları qoyulub.
Tabor mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri bölük dayaq məntəqəsinə gəlib, burada xidmətin təşkili ilə maraqlanıb.
Bölük dayaq məntəqəsində xidmət edən əsgərlərimizlə görüşən Ali Məclisin sədri yüksək dağlıq ərazilərdə yerləşən postlarda xidmətin uğurla təşkil olunduğunu bildirərək deyib: “Artıq bir neçə dəfədir ki, Soyuq döyüş bölgəsində oluruq. Bu gün burada gördüklərimiz onu deməyə əsas verir ki, Soyuq döyüş bölgəsində xidməti şərait xeyli yüksəldilib, bölmələrin maddi-texniki təchizatı yüksək səviyyəyə çatdırılıb. Bütün bunlar ölkəmizin iqtisadi gücünün və ordu quruculuğuna göstərilən yüksək dövlət qayğısının nəticəsidir. Bu gün yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən hissələri də öz xidməti vəzifələrini uğurla davam etdirərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Soyuq döyüş bölgəsində xidmət aparan bölmələrimiz də ərazilərimizi etibarlı şəkildə müdafiə edirlər”.
“Vətəni qorumaq, onun keşiyində ayıq-sayıq dayanmaq ən şərəfli vəzifədir”, - deyən Ali Məclisin sədri bu bölgədə xidmət edən hərbi qulluqçularımızın da ən yüksək qiymətə layiq olduqlarını qeyd etmiş, onlara təşəkkürünü bildirib.
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunub. Bu gün işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün sülh danışıqları davam edir. Ölkəmizin razılığı ilə dünyanın aparıcı dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edirlər. Sülh danışıqları Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində aparılır. Münaqişənin sülh yolu ilə həlli isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Sülh danışıqlarının davam etdirilməsi ilə bərabər, Azərbaycan Ordusu da gündən-günə güclənir, Silahlı Qüvvələrimizin şəxsi heyəti öz peşəkarlığını artırır. Güclü ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır. Ölkəmizdə güclü Ordunun yaradılması isə sülh danışıqlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir”, - Ali Məclisin sədri deyib.
Ali Məclisin sədri əmin olduğunu bildirib ki, güclü Azərbaycan Ordusunun bu ərazidə xidmət keçən hərbi qulluqçuları bundan sonra da öz vəzifələrini layiqincə yerinə yetirəcək, sərhədlərimiz etibarlı şəkildə qorunacaq.
Sonra Ali Məclisin sədri bölüyün əhatə etdiyi postlarda olub. Qeyd olunub ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Soyuq döyüş bölgəsində olduğu kimi, Qapıcıq, Salvartı, Havuş və digər strateji əhəmiyyətli zirvə və yüksəkliklərdə də etibarlı müdafiə sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb.
Düşmənlə təmas xəttində yerləşən dayaq məntəqələri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Güclü mühəndis istehkam qurğuları və əsgərlərimizin uğurlu atəş mövqeyində dayanmaları bölgənin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji durumu, peşəkarlığı istənilən hərbi vəzifəni uğurla icra etmək imkanı yaradıb.
Bildirilib ki, döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar ən çətin hava şəraitində belə qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir.
Ali Məclisin sədri müşahidə məntəqəsində əsgərlərlə görüşmüş, aparılan müşahidələrin mühüm hərbi əhəmiyyətə malik olduğunu bildirib.
Dayaq məntəqəsindəki yataqxanada şəxsi heyət üçün lazımi şərait yaradılmış, bölmələr arasında etibarlı rabitə əlaqəsi qurulub. Əsgərlər isti yemək, kalorili qidalar və qış geyim dəstləri ilə təmin olunublar.
Xidməti vəzifələrinin öhdəsindən layiqincə gələn əsgərlərimiz günün nizam qaydasına uyğun olaraq, keçirilən döyüş hazırlığı məşğələlərində və təlimlərdə fəallıq göstərir, fiziki hazırlığın yüksəldilməsinə ciddi diqqət yetirirlər. Dayaq məntəqəsi zəruri dərman və ilkin tibbi yardım vasitələri ilə də təmin olunub. Əsgərlərimizin asudə vaxtlarının səmərəli təşkili üçün məntəqəyə hərbi və bədii ədəbiyyatlar verilmiş, yataqxanalarda televizor qoyulub.
Ali Məclisin sədri komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub. Dəniz səviyyəsindən 3 min 146 metr hündürlükdə yerləşən müşahidə məntəqəsindən düşmənin yerləşdiyi mövqeləri, ərazidəki fəaliyyəti asanlıqla müşahidə etmək mümkündür.
Müşahidə məntəqəsinə baxış zamanı təmas xəttindəki yüksəkliklər və qoşunlar arasında yerləşən ərazi, burada xidmət keçən bölmələrimizin döyüş qabiliyyəti, döyüş növbətçiliyinin aparılma qaydaları və şəxsi heyətlə keçirilən təlimlər barədə məlumat verilib. Ön xətdə mühəndis-istehkam qurğuları və maneələr yaradılmış, onların müdafiə qüdrəti xeyli gücləndirilib, postlar arasında əlaqə yolları və rabitə xətləri çəkilmiş, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülüb.