09:44 Cümə Axşamı, 12 Dekabr 2019
KÖŞƏ

Avropa Şurasındakı komediya: Yaqlandın marazmı, Leyla Yunusun yalanları

16:44, 12.04.20199782
Avropa Şurasındakı komediya: Yaqlandın marazmı, Leyla Yunusun yalanları

Elçin Alıoğlu 

 

Avropa Şurasının müşahidəçi strukturlarının və insan haqları üzrə komissarının Avropa ərazisindəki müəyyən ərazilərdə və "boz zonalar” adlandıra biləcəyimiz yerlərdə çalışa bilməmələri yolverilməzdir.


Avropa Şurasının baş katibi Turbyorn Yaqland Fransanın Strasburq şəhərində, Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında belə deyib.


O, Ermənistandan olan jurnalistin suallarını cavablayarkən deyib: "Dağlıq Qarabağ hazırda bizim üçün "boz zona”dır, çünki orada çalışa bilmirik. İnsan haqları üzrə komissar istədiyi yerdə olmaq hüququna malikdir. Çünki o, siyasi yox, humanitar fəaliyyətlə məşğuldur”.


Avropa Şurasının baş katibi bu minvalla aşkar şəkildə Azərbaycanı suçlayıb. Çünki bəllidir: Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərə səfərlər üçün Azərbaycandan rəsmi icazə alınmalıdır. Belə rüsxət olmayanda səfər etmiş şəxs avtomatik olaraq Azərbaycan XİN-nin "qara siyahı”sına daxil olunur, sonradan Azərbaycan ərazisinə buraxılmır.


Məntiqidirmi? Sözsüz, çünki dünyanın heç bir ölkəsi mərkəzi hakimiyyətə qarşı silahlı qiyam qaldıran, separatizmə qurşanan, terrorizmlə məşğul olan xuntanın müvəqqəti nəzarətindəki ərazilərinə əcnəbi ölkə vətəndaşlarının səfərlərini təqdir etmir, imkan vermir.


Postsovet məkanında lokal münaqişələrin və separtizmin yaşandığı Ukraynada, Moldovada və Gürcüstanda belədir.



Qanunidirmi? Şübhəsiz. Çünki beynəlxalq hüququn norma və prinsipləri dövlətlərin ərazi bütövlüyü ilə sərhəd toxunulmazlığını, şübhəsiz, yəni aprior hesab edir.


Separatçıların nəzarətindəki ərazilərə səfərlər isə bu qanunsuz "rejim”lərin dəstəklənməsi anlamına gəldiyindən arzuolunmaz və yolverilməz sayılır.

Mənəvidirmi? Bəli, çünki belə səfərlərə göz yumulması və kollaborasionist mövqenin tutulması dövlətin öz ərazilərinin bir hissəsinin işğalı ilə barışması deməkdir.


T.Yaqland, əslində, Ermənistanın illərdən bəri səsləndirdiyi və təkidlə vurğuladığı bəyanatı dilə gətirir.


"Azərbaycan israrlı, aqressiv mövqe tutub və humanitar təşkilatları Dağlıq Qarabağa buraxmır”, – İrəvan deyir.


Ermənistanın söylədiklərinin Strasburqda təkrarlanması təsadüfi deyil.


Çünki Nikol Paşinyan Avropa Şurasında olan günlərdə "təsadüfən” orada "Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı” müzakirələr aparıb.

Müzakirələrə özlərini "müxalifətçi, insan hüquqları müdafiəçisi” adlandıran kəslərlə yanaşı, özünü siyasi və bioloji tullantıya çevirmiş Leyla Yunus da qatılıb.

"Azərbaycandakı dözülməz vəziyyət”dən, "yüzlərlərlə siyasi məhbus”dan az qala ağlamsınaraq danışan bu neo-İzergil qarı sonradan buyurub: "Dağlıq Qarabağ münaqişəsi də başqa problemimizdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev bu problemin sülh yolu ilə həllini istəmir”.



Bunca yalan, absurd və marazmatik bəyanatla çıxış edən birisini Avropa Şurasında "ekspert” hesab edirlərsə, T.Yaqlandın aşkar ermənipərəst mövqe tutmasına niyə təəccüblənməliyik ki?!


Və ya Leyla Yunusun xəstə təxəyyülünün məhsulu olan həmin açıqlamanı Ermənistan mediasının təcili tirajlaması da təsadüf ola bilərmi?

Leyla Yunus Azərbaycanda "siyasi məhbuslar problemi”ndən danışıb. Tamam, hər hansı məhbusun siyasi motivlərlə azadlıqdan məhrum edildiyini təsbitləmək üçün bunu iddia edən şəxs, qrup və ya təşkilat mütləq şəkildə məhkəmə proseslərinin monitorinqini aparmalıdır.

Belə monitorinq olmadan "siyasi məhbus”lardan danışmaq məntiqsizdir.


Azərbaycanda bir neçə şəxs, qrup və "hərəkat” ayrı-ayrılıqda "siyasi məhbus” siyahıları tuturlar. Həmin "ekspert”lərin merkantil maraqları və hədəfləri təki, siyahıları da fərqlidir.


Bu arada tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Leyla Yunus barədə kifayət qədər sərt danışıb: "Məhbusun siyasi olduğunu sübut etmək üçün bütün məhkəmə proseslərinin monitorinqi aparılmalı, hakimlər tərəfindən proseslərə olunan pozuntular göstərilməlidir. Sübut edilməlidir ki, bu adamın etdiyi cinayət deyil, sadəcə, siyasi fəaliyyəti ilə əlaqədar həbs edilib. Leyla Yunus üçün siyasi məhbus problemi, sadəcə, biznesdir. Qızım Mətanəti nəzərdə tutub deyirəm. 18 il onun yanında fəaliyyət göstərdi, bütün işlərinə, maliyyələrinə bələd oldu, ona görə 18 yaşında balasını evdə qoyub getdi, Leylanın onun avtomobilinə qoydurduğu və onunla bağlı proseslərə aid sənədləri yol boyu cırdı, ona görə övladı və həyat yoldaşı xəstə oldu, özü də stressdən xəstəliyə düşdü. Amma Leyla Yunus bunun qarşılığında nə etdi? Bir forumda qızımı görəndə təhlükəsizliklə məşğul olan insanın qucağına çıxaraq qışqırmışdı ki, qoymayın KQB agenti məni öldürməyə gəlib. Belə bir insanın hazırladığı hansı sənədə inanmaq olar? Yalan, şantaj xarakteri daşıyır. Sadəcə olaraq, o, siyasi məhbuslardan biznes kimi istifadə edir. Mətanətin günahı olmuşdu ki, onun yüzə qədər layihəsini üzərinə götürməmişdi. İnsana şantaj atan birisinin hesabatına heç cür inanmaram.



Ölkə daxilində deyil, heç bir məlumatı yoxdur, ümumiyyətlə, heç vaxt məhkəmə monitorinqləri aparmayıb. Kimlərdənsə aldığı informasiyalar əsasında xaricdə oturub siyasi məhbus siyahıları hazırlayır. Düşünürəm ki, ona hökumət daxilindən kiminsə ciddi dəstəyi var. Həmin dəstəyi verənlər ölkədə gedən proseslərin qarşısını almağa çalışırlar, siyasi məhbusların azadlığa buraxılmalarını istəmirlər. Üç həftə əvvəl sərəncamı verilib. 50-dən çox siyasi məhbus azad olundu. Niyə əvvəlki dinləmələrdə siyasi məhbus məsələsi bu qədər müzakirə olunmurdu? Üç həftə əvvəl verilən və ölkənin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilən əfv indi AŞ PA-da müzakirələrə çıxarılır? Əgər bu məsələ yanvarın əvvəllərində olsaydı, bu qədər təəccüblənməzdim, hətta deyərdim ki, bu mütləqdir, vacibdir. İndiki müzakirələrdə maraqların güdüldüyü açıq görünür. Leyla Yunus ayrı-ayrı qruplar tərəfindən hazırlanmış tezislər əsasında çıxış edir. O, ölkədən çıxa bilər, amma burada dəstəkçiləri hakimiyyət daxilində qalmaqdadır. Leyla Yunus maddi cəhətdən kifayət qədər təmin olunur”.


Nikol Paşinyana gəldikdə isə, dünən Fransanın Strasburq şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanın erməni icması ilə görüşü zamanı qalmaqal yaranıb.


Görüş zamanı icmanın nümayəndələrindən biri baş nazirə bildirib ki, indi də "məxməri inqilab”dan sonra da seçicilərin pulla ələ alınması halları var.

N.Paşinyan isə cavabında həmin şəxsin ölkəyə gəlməsini, bu barədə polisə məlumat verməsini məsləhət görüb: "Amma bu məlumatın doğru olmadığı sübut edilsə, sizi həbsə ata bilərlər”.


Lakin həmin şəxs öz fikrindən dönməyib. Vəziyyəti belə görən digər iştirakçılar da baş nazirə sual vermək istəyiblər və hay-küy yaranıb. N.Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.


… Avropa Şurası qlobal geosiyasətin relikti, hətta anaxronizmi olduğunu etiraf etməsə də, son vaxtlar onun bir sıra dövlətlərlə yanaşı, Azərbaycanla bağlı absurd qərarlar verməsi, məntiqlə izahı çətin müzakirələr keçirməsi və bu proseslərdən hədəf qismində bəlirlədiyi dövlətlərə aşkar təzyiq vasitəsi kimi yararlanmaq istədiyi gün keçdikcə daha aydın görünür.


Tyorbyorn Yaqlandın Dağlıq Qarabağla bağlı açıqlaması, Leyla Yunusun isterikası, "müzakirələr” və açıqlamalar – sanki sardonik tragikomediyanı müşahidə edirik…

 

XƏBƏR LENTİ