FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
SOSİAL
10:07 30.08.2026
200
Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qeyd olunan müddətdə ölkə ərazisinin ayrı-ayrı yerlərində intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

AZXEBER.COM xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.

FHN bildirir ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq lazımdır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq dayanmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında daldalanmamaq tövsiyə olunur.

Nazirlik kiçikhəcmli gəmi istifadəçilərinə də xəbərdarlıq edib. Belə hava şəraitində dənizə çıxmaq qadağandır. Güclü külək zamanı çimərliyə gedən şəxslərin dənizə girməsi də təhlükəli hesab olunur.

Şimşək çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq ərazidə elektrik xətlərindən, ildırımötürücülərdən, navalçalardan və antenalardan uzaq durulması tövsiyə edilir. Hündür ağacların altında daldalanmaq da təhlükəlidir.

Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırmaq, şüşələri qaldırmaq və ildırım çaxması başa çatana qədər gözləmək tövsiyə olunub.

FHN əhaliyə bir daha müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Təhlükə zamanı 112-yə zəng edin!
OXŞAR XƏBƏRLƏR