“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”

“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
SİYASƏT
15:12 06.10.2026
130
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni reallıqlar fonunda keçirilməsi isə bu tədbirin siyasi və tarixi əhəmiyyətini daha da artırır.

Qurultayda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr baxımından mühüm mesajlarla yadda qaldı.

Dövlət başçısı çıxışında ölkənin təhlükəsizliyinin yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmadığını, ideoloji təhlükəsizliyin də xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Prezidentin sözlərinə görə, müasir dövrdə internet, kiberhücumlar və süni intellekt kimi imkanlar ideoloji təxribatların yeni formalarını meydana çıxarır.

Bu baxımdan ən mühüm müdafiə vasitələrindən biri təhsildir. Cəmiyyət nə qədər savadlı, bilikli və dünyagörüşlü olarsa, yalan məlumatların, şayiələrin və ideoloji təxribatların təsirinə düşmək ehtimalı da bir o qədər azalır.

Təhsil ilə yanaşı, vətənpərvərlik də dövlətimizin gələcəyi baxımından mühüm amildir. Öz dövlətinə, xalqına və Vətəninə bağlı olan vətəndaş hər zaman milli maraqları üstün tutur, ölkəsinin qazandığı uğurları öz uğuru kimi qəbul edir.

Azərbaycan xalqı tarixinin ən mühüm səhifələrindən birini yazaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu Qələbə xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qüdrətinin göstəricisidir.

Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Bu qürur hissinin gələcək nəsillərə ötürülməsi isə hər birimizin üzərinə böyük məsuliyyət qoyur.

Bu baxımdan təhsil müəssisələrinin üzərinə düşən vəzifə yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Gənc nəslin milli dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə bağlı ruhda formalaşdırılması da bizim əsas vəzifələrimizdən biridir.
 
Müəllif: Anar Rzayev
Göygöl rayonu, Şəhriyar kənd tam orta ümumtəhsil məktəbinin direktoru

OXŞAR XƏBƏRLƏR