"220 manata deputat gedib bir otaqlı, normal şəraitli kirayə ev tapa bilmir" - Razi Nurullayev

SOSİAL
14:16 18.11.2021
837
"Məni tənqid edənlərin, hədəf alanların bir çoxunun dünyadan xəbəri yoxdur, mənimlə bağlı yanlış məlumatlar yayımlamağa çalışırlar. Mənim fəaliyyətimi çox gözəl bilirlər, sadəcə olaraq o insanlar məni qaralamaq üçün o yolu seçdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Milli Məclisdəki çıxışına aydınlıq gətirərkən deyib.
 
Deputat qeyd edib ki, deputatların yağ-bal içərisində yaşamadığını cəmiyyətə çatdırmaq istəyirdi:

"Amma heç kim məni günahlandıra bilməz ki, mən şəhid ailələrini ziyarət etmirəm, onlarla maraqlanmıram, deputat kimi səlahiyyətimi yerinə yetirmirəm, heç kim bunu deyə bilməz. Əslində təvazökarlıqdan uzaq da olsa, 100 faiz deyə bilərəm ki, vəzifəmi yerinə yetirirəm. Bütün fəaliyyətimi də paylaşıram, hər şey şəffafdır.

Dünənki məsələ belə idi ki, Parlamentin büdcəsi müzakirə olunurdu. Əslində heç kim mənə deməmişdi ki, evsiz deputatların kirayə pulunun qaldırılması ilə bağlı məsələdən danışım. Əslində, cəmiyyətdə belə bir fikir var ki, deputatlar yağ-bal içərisində yaşayır. Mən də o məsələni çatdırmaq istəyirdim ki, bu, heç də belə deyil, deputatlar yağ-bal içində yaşamır. Hələ evi olmayan deputatlar var. Onlar kirayə pulu kimi 220 manat alır. Amma bu məbləğə heç kim gedib bir otaqlı, normal şəraitli mənzil də tapa bilmir. Cəmiyyətin diqqətini bu məsələyə cəlb etmək istədim və buna da nail oldum. Yəni cəmiyyətdə belə bir fikir olmasın ki, bütün deputatların hamısı milyonerdir, gözəl şəraitdə yaşayır. Bu məsələni də Parlamentin büdcə müzakirəsi olduğu üçün qaldırdım”.

Deputat qeyd edib ki, onu tənqid edənlər xalq deyil:

"Amma onu paylaşıb məni hədəfə alanlar müəyyən siyasi yerlərə bağlıdırlar. Xalqın bundan xəbəri yoxdur, xalq hər şeyi gözəl bilir. Baxdım ki, biri "Ümid” Partiyasıdır, biri "Real” Partiyasıdır, Əli Kərimlinin, Əli Əliyevin tərəfdarlarıdır. Ağızlarına gələni danışırlar. O adamların biri nə şəhid ailəsində olub, nə də cibindən bir manat çıxarıb müharibə iştirakçısına verib. İndi onlar qəhrəmanlıqdan, düzlükdən, şahid ailələrindən danışır. Bu atı oynadanlar xalq deyil, onlardır. Heç bir xidməti olmayanlardır. Könül bulandıranlardır. Çox təəssüf edirəm ki, öz fitnəkarlıqlarına insanları da cəlb etməyə çalışırlar. O insanlar özləri zamanında deyiblər ki, Qarabağ alınsın, evimizi satıb Qarabağa qoyarıq. Onu yazanlar indi evini satsın, Qarabağa qoysun. Mən nə edirəmsə göz qabağındadır”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR