İş günlərində - xüsusilə səhər və axşam pik saatlarda paytaxtda ictimai nəqliyyatda sıxlıq sərnişinlərin əsas problemlərindən biri olaraq qalır. Bakı Metropolitenində aparılan 11 aylıq təmir işləri fonunda avtobuslara tələbatın ciddi şəkildə artması isə vəziyyəti daha da aktuallaşdırıb.
Metro stansiyalarının bir hissəsinin təmir səbəbilə fəaliyyətinin məhdudlaşdırılması və sərnişinlərin avtobuslardan daha çox istifadə etməsi pik saatlarda dayanacaqlarda sıxlığın artmasına səbəb olur. Bəzi hallarda sərnişinlər avtobusa minmək üçün ciddi sıxlıq və uzun növbələrlə üzləşirlər.
Belə bir vəziyyətdə bəzi avtobusların elektron marşrut göstəricisində "Depo” yazısı ilə hərəkət etməsi sərnişinlər arasında suallar doğurur. Xüsusilə avtobuslara tələbatın yüksək olduğu pik saatlarda nəqliyyat vasitələrinin "Depo” qeydilə hərəkət etməsi nə dərəcədə əsaslıdır?
AZXEBER.COM məsələ ilə bağlı BakuBus MMC-yə sorğu ünvanlayıb.
"BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva sorğumuza cavab olaraq bildirilib ki, avtobusların elektron marşrut göstəricisində "Depo” qeydinin əks etdirilməsi bir neçə səbəbdən, o cümlədən elektrik avtobuslarının enerji doldurması, sürücülərin növbə dəyişikliyi və ya iş rejiminin başa çatması, həmçinin pik saatlarda sərnişin tələbatının yüksək olduğu marşrut xətlərinə əlavə avtobusların cəlb olunması ilə əlaqədar ola bilər.

"Elektrik avtobuslarının gün ərzində qət etdiyi məsafədən asılı olaraq, təxminən saat 11:00 və 16:00 radələrində enerji doldurulması üçün müvafiq məntəqələrə yönləndirilməsi mümkündür. Pik saatlarda sərnişin tələbatının artdığı marşrut xətlərinə əlavə avtobuslar cəlb olunur. Bu zaman həmin avtobuslar xidmət göstərəcəyi xəttə çatana qədər elektron marşrut göstəricisində "Depo” qeydini əks etdirərək hərəkət edə bilər. Marşrut xəttinə daxil olduqdan sonra isə elektron marşrut göstəricisində müvafiq marşrut nömrəsi əks etdirilir.
Əlavə edilib ki, sürücülərin müəyyən edilmiş iş və növbə rejiminə uyğun olaraq avtobusların növbəti sürücüyə təhvil verilməsi üçün müvafiq məntəqəyə yönləndirilməsi də mümkündür: "Elektron marşrut göstəricisində "Depo” qeydinin əks etdirilməsi avtobusun sərnişindaşıma xidmətindən səbəbsiz olaraq kənarda saxlanılması kimi qiymətləndirilməməlidir. Avtobusların xətlər üzrə hərəkəti və cəlb olunması sərnişin tələbatı, enerji doldurulmasına olan ehtiyac və sürücülərin iş rejimi nəzərə alınmaqla təşkil edilir".
Günel Hüseynli











































