Son illər Azərbaycanda dövlət qulluğuna qəbul və imtahan sistemində bir sıra dəyişikliklər həyata keçirilib.
Sertifikatın qüvvədəolma müddəti, test imtahanlarının təşkili və müsahibə qaydaları bu yeniliklər sırasındadır.
AZXEBER.COM xəbər verir ki, dövlət qulluğuna qəbul sisteminin hüquqi əsası 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi ilə qoyulub.
2001-ci ildə dövlət qulluğuna qəbul üzrə test imtahanlarının hazırlanması və keçirilməsi qaydaları təsdiqlənib. 2005-ci ildə isə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb.
2007-ci il iyunun 23-də 15 dövlət orqanında 200 vakant vəzifə üzrə test imtahanı keçirilib. İmtahanda 796 namizəd iştirak edib.
2009-cu ildə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul qaydaları təsdiqlənib. Qəbul prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarət olub. 2010-cu ildən etibarən isə imtahanların kompüter vasitəsilə keçirilməsinə başlanılıb.
2016-cı il aprelin 11-də Dövlət İmtahan Mərkəzi yaradılıb. Həmin dövrdə dövlət qulluğuna qəbul üzrə sertifikat sistemi də tətbiq edilib. Sertifikatın qüvvədəolma müddəti 5 il müəyyənləşdirilib.
Hazırda dövlət qulluğuna qəbul üzrə test imtahanlarında namizədlərin Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkür üzrə bilikləri yoxlanılır. Sualların sayı və imtahan müddəti vəzifə qruplarına görə dəyişir. İmtahandan uğur qazanan namizədlərə sertifikat verilir və onlar vakant vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edirlər.
Müsahibə mərhələsində namizədin müvafiq vəzifənin tələblərinə uyğunluğu, peşəkar bilikləri, təcrübəsi və vəzifə funksiyalarını yerinə yetirmək bacarığı qiymətləndirilir. Yekunda vəzifəyə ən uyğun namizəd seçilir.
2026-cı ildə qəbul edilən Dövlət Qulluğu Məcəlləsi isə yeni dəyişiklikləri gündəmə gətirib. Yeni qaydalara əsasən, sertifikatın qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsi nəzərdə tutulur. Həmçinin sertifikatı qüvvədə olan şəxslər hər il 5 vəzifə üzrə müsahibədə ödənişsiz iştirak edə biləcəklər.
Fəridə Əsədzadə











































