27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
SİYASƏT
11:04 28.09.2026
248
27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Günü Vətən uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsinə ehtiramın ifadəsidir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Həmin gündən etibarən Azərbaycan əsgər və zabitləri doğma torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdilər.

Vətən müharibəsi Azərbaycan xalqının tarixində şanlı səhifələrdən birinə çevrildi. Xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında misilsiz şücaət göstərərək uzun illər işğal altında qalan şəhər, rayon və kəndlərimizi azad etdi. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı.

Bu Qələbə, hər şeydən əvvəl, şəhidlərimizin canı və qanı bahasına əldə edildi. Onlar Vətən qarşısında ən müqəddəs borclarını yerinə yetirərək həyatlarını Azərbaycan torpaqlarının azadlığına həsr etdilər. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların müqəddəs xatirəsi gələcək nəsillərə örnək olacaq.

Bu gün şəhid ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Onlara göstərilən yüksək dövlət qayğısı şəhidlərimizin Vətən qarşısındakı xidmətlərinə verilən dəyərin göstəricisidir. Qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda üçrəngli Azərbaycan Bayrağının dalğalanması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı şəhidlərimizin qanı ilə yazılmış Zəfər tarixinin davamıdır.

27 Sentyabr – Anım Günü bizə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad etməklə yanaşı, onların bizə əmanət qoyduğu müqəddəs torpaqların və Zəfərimizin dəyərini bir daha xatırladır.

Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq!
 
Nəriman Nağdəliyev, Göygöl RMX PHŞ Terapiya şöbəsinin müdiri


OXŞAR XƏBƏRLƏR