İP-dəki partiyaların AMİP-in qurumu tərk etməsinə münasibəti -SORĞU

Bütün Xəbərlər
18:25 18.04.2011
1744

“Mən Müsavat Partiyasının qərargahında İctimai Palatanın yaradılması məsələsi müzakirə olunanda quruma daxil olan və daxil olması ehtimal edilən bəzi partiyalarla bağlı fikrimi bildirmişdim. Demişdim ki, onların bəzilərinə inanmaq lazım deyil.

AMİP İctimai Palataya üzv olarkən onların bəzi tərəddüdləri də olmuşdu, lakin sonradan fəaliyyətlərini davam etdirdilər. İndi də İctimai Palatadan çıxdılar, yolları açıq olsun”. Bu açıqlamanı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu AMİP-in İctimai Palatadan (İP) çıxması barədə qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətin birliyi olan, istənilən ad qoyulan qurum nə qədər saf və real müxalifətdən ibarət olsa, o qədər effektiv olacaq: “Onlar İP-dən çıxdılar, məsələ daha da aydınlaşdı. Hər halda, mən AMİP-in İP-dən çıxmasını faciə də saymıram. Artıq rəsmən bildik ki, nə nədir, kim kimdir”.

AXCP sədrinin müavini Razi Nurullayev isə AMİP-in İP-dən çıxmasını şərh edərkən deyib ki, son zamanlar AMİP-in və bu partiyanın sədri Yusif Bağırzadənin hakimiyyətlə yaxınlığı barədə söz-söhbətlər olub: “İstər-istəməz AMİP-də hakimiyyətin rıçaqları mövcud idi. Mən kənar müşahidəçi kimi belə halın olduğunu görürdüm. Yəqin ki, hakimiyyət öz rıçaqlarından istifadə edərək, onlara təsir göstərdi və öz adamları vasitəsilə AMİP-i İP-dən çıxmağa məcbur etdi. Mən AMİP-dən sonra İP-də olan digər partiya və ya təşkilatların da buranı tərk edəcəyini gözləyirəm”.

R. Nurullayev AMİP-in İP-dən çıxmasını öz yoldaşlarını, dostlarını yarıda qoyub getmək hərəkəti kimi qiymətləndirdiyini vurğulayıb. “AMİP-in İP-i tərk etməsinin digər səbəbi isə partiyanın yaradıcısı, lideri Etibar Məmmədovun “böyük siyasətə qayıtması” barədə xəbərlərlə bağlıdır. Mən hətta bu məsələdə Etibar Məmmədov izi də görürəm. Ola bilər ki, AMİP İP-dən Etibar Məmmədovun müraciəti, təzyiqi ilə çıxıb. Ya da ola bilər ki, AMİP Etibar Məmmədovu da siyasətə qatmaqla təkbaşına kurs yeritmək istəyir. Bu halda biz onları başa düşmək istərdik. Ancaq istənilən halda, AMİP-in İP-dən çıxmaq qərarını müsbət qarşılamıram. Hesab edirəm ki, hər halda, başqa sahələrdə əməkdaşlıq edə bilərik”.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu isə AMİP-in İP-dən çıxmasının onlar üçün gözlənilməz olduğunu bilidirib: “AMİP yerli strukturlara malik olan bir təşkilatdır və İP-i təsis edən qurumlardan biridir. Bunu təəssüflə qarşılayıram. Hər halda, bu, partiyanın daxili işidir və bu qərara da hörmətlə yanaşmaq lazımdır. Ancaq bu gün daha çox müxalifət partiyalarının bir yerdə olması önəmlidir. Güc bir yerdə olanda prosesləri daha asanlıqla inkişaf etdirmək mümkün olur. Görünür, AMİP İctimai Palatada olmaq istəməyib və belə bir qərar verib”.

//APA

 

OXŞAR XƏBƏRLƏR