AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sərnişinlər kondisionerlərin işləmədiyini, xüsusilə iritutumlu avtobuslarda havalandırmanın zəif olması səbəbindən gedişlərinin çətinləşdiyini bildirirlər. Sərnişinlərin sözlərinə görə, isti hava şəraitində avtobusların salonunda uzun müddət qalmaq narahatlıq yaradır.
Biz də çəkiliş apardığımız zaman 500 nömrəli avtobusun kondisionerinin işləmədiyini və nəqliyyat vasitəsindəki bütün şüşələrin açıq olduğunu müşahidə etdik. Sürücülərə kondisionerlərin hansı səbəbdən işləmədiyi barədə sual verməyə çalışsaq da, onlar çəkilişi görüb avtobusları tərk etdilər.
Bu istiqamətdə fəaliyyət göstərən 508 nömrəli marşrut avtobuslarının sürücüləri isə bildirirlər ki, bəzi hallarda kondisioner sistemində texniki nasazlıq yarandığı üçün qurğular fəaliyyət göstərmir.
Məsələ ilə bağlı "BakuBus" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, müəssisənin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib və iyunun 2-dən etibarən sistemlər yay rejiminə uyğun şəkildə aktivləşdirilərək fasiləsiz fəaliyyəti təmin olunur. Hər gün xəttə orta hesabla 1090 avtobus buraxılır və bu qədər nəqliyyat vasitəsinin intensiv istismarı zamanı ayrı-ayrı texniki nasazlıqların yaranması istisna deyil.
Bununla belə, hazırda xəttə çıxan avtobusların 90 faizində kondisioner sistemləri tam işlək vəziyyətdədir. Vurğulanıb ki, 500, 503 və 508 nömrəli marşrut xətlərində fəaliyyət göstərən avtobuslarda da kondisioner sistemləri hazırda işlək vəziyyətdədir. Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq mərkəzinə məlumat verir. Müraciət operativ qiymətləndirilir və marşrut üzrə sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə, ehtiyac yarandıqda, nasaz avtobus ehtiyat nəqliyyat vasitəsi ilə əvəz edilir. Qurum sərnişinlərə müraciət edərək bildirib ki, kondisionerlərin fəaliyyəti ilə bağlı problemlə qarşılaşdıqları halda marşrut nömrəsini, avtobusun dövlət qeydiyyat nişanını, hərəkət istiqamətini və mümkün olduqda hadisənin vaxtını qeyd etməklə "BakuBus" MMC-yə məlumat versinlər. Bildirilib ki, daxil olan müraciətlər operativ araşdırılır və zəruri tədbirlər görülür.











































