“Azərsu” ASC Kür çayı boyunca yerləşən Şirvan, Neftçala, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərlərinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə yeni layihənin icrasına başlayır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür Sutəmizləyici Qurğular kompleksi ilə Abşeron yarımadasına verilən suyun bir hissəsi 6 şəhərə, eləcə də çəkiləcək yeni kəmərin yaxınlığında yerləşən 147 qəsəbə və kəndə veriləcək.Hazırda paytaxta Oğuz-Qəbələ-Bakı kəməri ilə saniyədə 5 kubmetr suyun daxil olması, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi Kür Sutəmizləyici Qurğular Kompleksindən Abşerona verilən suyun azaldılmasına imkan yaradır. Yeni layihəyə uyğun olaraq Bakını Kür suyu ilə təmin edən həmin kəmərdən Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərlərin eləcə də marşrut boyunca yerləşən kəndlərə içməli su veriləcək.Aparılmış araşdırmalar göstərir ki, Kür-Bakı su kəmərinin Hacıqabul şəhəri yaxınlığında dəniz səviyyəsindən 78 metr yüksəklikdə yerləşən nöqtəsindən su yeni çəkiləcək kəmərlərlə özüaxımlı rejimdə Şirvan, Salyan, Neftçala və Biləsuvar istiqamətində ötürüləcək. Sabirabad və Saatlı rayonlarına isə içməli su birbaşa Kür Sutəmizləyici Qurğular Kompleksindən özüaxımlı rejimdə veriləcək. Bu şəhərləri su ilə təchiz edəcək magistral kəmərlər boyunca yerləşən 147 kəndin də su problemi həll olunacaq.