Avropa Yayımlar Birliyi (EBU) iştirakçı ölkələrin siyahısını 2010-cu ilin son günü açıqlayıb. Beləliklə, “Eurovision -2011” musiqi yarışmasında Azərbaycan, Albaniya, Almaniya, Avstriya, Belarus, Belçika, Böyük Britaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, İslandiya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İsrail, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Portuqaliya, Polşa, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna iştirak edəcək.
Bir neçə ildir, “Eurovision”da təmsil olunmayan 4 ölkə yenidən müsabiqəyə qayıdıb. Avstriya sonuncu dəfə 2007, Macarıstan 2009, İtaliya 1997, San-Marino 2008-ci ildə müsabiqədə iştirak edib.
43 ölkədən hansının I və II yarımfinalda iştirak edəcəyi yanvarın 17-də Düsseldorfda keçiriləcək püşkatma zamanı məlum olacaq. Hər yarımfinalda 19 ölkə təmsil olunacaq, yarımfinalın hər birindən 10 ölkə finala vəsiqə qazanacaq. Müsabiqənin keçirilməsinin təşəbbüskarı olan 5 ölkə finalda birbaşa iştirak edəcək. Mayın 10-u və 12-də keçiriləcək yarımfinallarda ölkə təmsilçilərinin çıxış nömrəsi isə martın 14-də məlum olacaq.
Müsabiqə tarixində 43 ölkə təmsilçiliyi ancaq 2008-ci ildə Belqradda keçirilən “Eurovision” yarışmasında olub. Onu da əlavə edək ki, artıq “Eurovsion-2011” yarışmasının mayın 14-də keçiriləcək finalına 35 min bilet satılıb.
Qeyd edək ki, “Eurovision-2011” yarışması Düsseldorf Arenada baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək. //Apa