Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalıdan olan məcburi köçkünlərin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların hazırlanması və yayılması nəzərdə tutulub.
Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid ailələrinə yardım göstəriləcək.
İldönümü ərəfəsində internet şəbəkəsinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil ediləcək və müntəzəm yeniləşdiriləcək, ölkə televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcəkdir.
Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Xocalı soyqırımı — nu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.