Abbas Abbasov: ‘Prezidentimiz İlham Əliyevi dəstəkləyirəm’

Abbas Abbasov: ‘Prezidentimiz İlham Əliyevi dəstəkləyirəm’
Bütün Xəbərlər
19:24 25.01.2013
955

“Ümumrusiya Azərbaycan Konqresinin öz, “AzərRos”un isə öz vəzifələri var. Azərbaycanla bağlı hər bir ictimai təşkilatın bir amalı olmalıdır. Bu amal da Azərbaycan, azərbaycanlılar, Rusiyada yaşayan həmvətənlərimizin problemlərinin yaxşılaşdırılması olmalıdır. Başqa cür mümkün deyil. Bəzən deyirlər ki, bu təşkilatlar bir-birilə rəqabət aparacaqlar. Bunlar hamısı boş fikirlərdir”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “AzərRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib. A.Abbasov deyib ki, o, həm də Rusiya Azərbaycan Təşkilatları İttifaqında da təmsil olunur: “Bu təşkilat da fəaliyyətini davam etdirəcək. Bu təşkilat da elə Ağsaqqallar Şurası kimi təşkilatdır. İndi, kimsə nədənsə narahat olursa, bu onun öz işidir. Mən çıxışımda da dedim, Azərbaycan, azərbaycanlılar və yaşadığım ölkə olan Rusiya. Burdakı qanunvericiliyə uyğun hərəkət etməliyik. Yerdə qalan söhbətlərlə, intriqalarla mənim işim yoxdur. Başqa fikrim və amalım yoxdur. 15 il Azərbaycan hökumətinin rəhbərlərindən biri olmuşam. Bu illər ərzində Heydər Əliyevin xeyir-duası ilə yaşamışam. Hazırda da prezidentimiz İlham Əliyevi dəstəkləyirəm”. Abbasov “Siz Azərbaycan hakimiyyətini dəstəklədiyinizi deyirsiniz. Amma Sizinlə birgə hər iki qurumda fəaliyyət göstərən Rüstəm İbrahimbəyov hakimiyyəti sərt tənqid edir. Sizin buna münasibətiniz necədir?” sualına cavabında bildirib: “Biz demokratik cəmiyyətdə yaşayırıq. Hərənin öz mövqeyi var. Mən Rüstəm İbrahimbəyovun mövqeyi ilə razıyam. Vətəndaş mövqeyini hər bir insan göstərə, fikrini söyləyə bilər. Bu fikirləri kimsə qəbul edir, kimsə etmir, bu tamamilə başqa məsələdir. Hərənin bir mövqeyi olur. Azad ölkədə yaşayırıq, hər kəs öz mövqeyini bildirə bilər. Amma ümumi aspektdə götürsək, biz hamımız istəyirik ki, Azərbaycan sabit və firavan bir ölkə olsun. Xalqımız firavan yaşasın. Cəmiyyətdə olan korrupsiya məsələsinə gəldikdə isə, bu hər bir cəmiyyətdə var. Bunun qarşısını isə əlbəttə ki, iqtidar və iqtidara yaxın qüvvələr almalıdırlar ki, xalq onlardan narazı qalmasın”. A. Abbasov Diaspora Komitəsinin sədri Nazim İbrahimovun RATİ və “AzərRos”la bağlı mövqeyinə də münasibət bildirib: “Sifarişlə Həcc qəbul olunmur. Birgə işləmək lazımdır. Onun bəyanatı düzgün deyildi. Əgər Nazim İbrahimov o vəzifəni daşıyırsa və o istəyirsə ki, burda yaşayan azərbaycanlılar yaxşı yaşasın onda o, bütün təşkilatlara eyni münasibət göstərməlidir. Söhbət burada şəxsi münasibətlərdən getmir. Söhbət Azərbaycan icmasından gedir. Bu icma sənin yanına gələsi deyil. Sən, bir məmur olaraq bu icmanın yanına gəlməlisən. Çünki İcma böyükdür. Sən məmursan, icmaya diktə edə bilməzsən. İcmanın dediyini həyata keçirməlisən. Bakıdan durub, burdakı azərbaycanlılara ağıl, öyüd nəsihət vermək lazım deyil. Bunlar Rusiyanın vətəndaşlarıdırlar. Rusiya dövlətinə tabedirlər. Nazim İbrahimovun başqa dövlətin işlərinə qarışmağa səlahiyyətləri çatmır. Amma o gəlsə bura, otursaq bir masa ətrafında məsləhətləşsək, qərar qəbul etsək, yaxşı olar. Bir hissəmiz Rusiyanın vətəndaşıdır, bir hissəmiz də Azərbaycanın. Bizim əsas amalımız Azərbaycanda siyasi-ictimai sabitlik olmasıdır”.

OXŞAR XƏBƏRLƏR