Bu barədə “525”ə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. Rektor bildirib ki, bunu birdən-birə həyata keçirmək çox çətin bir məsələdir. A.Məhərrəmovun sözlərinə görə, müəllimlərin mühazirə mətnlərini kompüterə daxil etmək lazımdır.
Bunun üçün hər bir tələbənin evində internetə qoşulması üçün kompüterin olmasının vacib olduğunu deyən rektor qeyd edib ki, hələlik uzaq bir kənddə qiyabi təhsildən distant təhsilə keçmək üçün imkan yoxdur: “Hansısa rayonda və ya kənddə bir tələbə-bir müəllim yaratmaq mümkün deyil. Bu baxımdan tədricən iş görülür və prezidentin dövlət proqramları var. Cənab prezidentin gənclərlə görüşündə təhsillə bağlı bu və ya digər məsələlər müzakirə olunub. Mən əminəm ki, “2011-2015-ci illərdə Azərbaycan gəncliyi” Dövlət proqramı çərçivəsində bu məsələlər öz əksini tapacaq”.
A. Məhərrəmov qeyd edib ki, magistratura və aspiranturaya daxil olmaq istəyən oğlanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bu məsələ hazırda çox aktual məsələ kimi gündəmdədir.
Onun sözlərinə görə, hazırda magistraturaya sənəd verən bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi çox narahatlıqlar yaradır: “Tarixən BDU-nun magistraturasının əyani şöbəsində təhsil alanların sayı qiyabi şöbəsində təhsil alanların sayından qat-qat çox olub. İndi isə reallıq odur ki, magistraturanın qiyabi şöbəsində təhsil alanların sayı əyani şöbədə təhsil alanlardan çoxdur. Təhsil alanların arasında qızlar üstünlük təşkil edir. Bu da bizdə narahatçılıq yaradır. Magistratura və aspiranturada hərbi xidmətdən möhlət hüququnun verilməsini müsbət həll etmək lazımdır ki, əlaçı tələbələr əsgərlik xidmətinə çağırılmasın”.
A. Məhərrəmov deyib ki, gənclər magistratura və aspiranturanı bitirdikdən sonra hərbi xidmətlərini çəkə bilərlər.