Abel Məhərrəmov İnayatullah Kakarla görüşdü

GƏNCLİK
14:36 18.01.2012
1576
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə görüşüb. BDU Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı Dövlət Universiteti kimi prestijli təhsil ocağında olmağından fəxr hissi duyduğunu deyən səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra Pakistanla sıx əlaqələrinin yarandığını vurğulayıb. Ölkələrimiz arasında oxşar cəhətlərin olduğunu deyən qonaq, ötən il Azərbaycanın və Pakistanın BMT-nin qeyri-daimi üzvlüyünə seçildiyini xüsusilə qeyd edib. Öz növbəsində rektor, akademik Abel Məhərrəmov şərq ölkələri içərisində Azərbaycana yaxın olan dövlətlərdən birinin Pakistan olduğunu və son on ildə Bakı Dövlət Universitetində şərq dillərinin, o cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb. İndiyə qədər urdu dilini 56 bakalavr və 4 magistrin bitirdiyini deyən rektor bu ixtisas üzrə təhsil alan tələbələrin Pakistanda təcrübə keçmələrinin səmərəli nəticə verəcəyini və səfirin bu istiqamətdə dəstək verəcəyinə əminliyini ifadə edib. Görüşdə yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlı əməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR