ABŞ İranda aviasiya sektoru ilə əlaqəli 36 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onlar İran üçün silah, şəxsi heyət və qanunsuz yüklərin daşınmasına yardım göstərməkdə ittiham olunurlar.
AZXEBER.COM xəbər verir ki, məhdudiyyətlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən "İqtisadi təcrid” ("Operation Economic Outcast”) əməliyyatı çərçivəsində tətbiq edilib.
İlk dəfə olaraq 27 fəaliyyət göstərən İran aviaşirkəti sanksiya siyahısına daxil edilib.
Vaşinqtonun açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) silahların alınması və daşınması, eləcə də şəxsi heyətin ölkəyə gətirilməsi üçün "Mahan Air” də daxil olmaqla kommersiya aviaşirkətlərindən istifadə edir.
"İqtisadi təcrid” əməliyyatı çərçivəsində İran rejiminə maliyyə dəstəyi göstərən şəxslər üçün ciddi nəticələr vəd etmişdik. Bu gün "Mahan Air”i dəstəkləməyə davam edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməklə vədimizi yerinə yetirdik”, - deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, sanksiyalar digər İran aviaşirkətləri ilə əməkdaşlıq edənlər üçün xəbərdarlıq olmalıdır. O bildirib ki, belə şirkətlər qlobal maliyyə sisteminə çıxışlarını itirmək riski ilə üzləşirlər.











































