Abunəlik tələsi: İstifadə etmədiyiniz tətbiqlərə hər ay pul ödəyirsiniz?

Abunəlik tələsi: İstifadə etmədiyiniz tətbiqlərə hər ay pul ödəyirsiniz?
MARAQLI
14:16 03.08.2026
286
Rəqəmsal xidmətlərin artması ilə aylıq abunəliklər də həyatımızın ayrılmaz hissəsinə çevrilib. Musiqi dinləmək, film izləmək, bulud yaddaşı, süni intellekt alətləri, idman proqramları, dil öyrənmə tətbiqləri və hətta foto redaktə xidmətləri - bir çoxu istifadəçilərə ilk baxışda cüzi görünən aylıq ödənişlər təklif edir. Lakin bu kiçik məbləğlər zamanla ciddi xərclərə çevrilə bilər.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bildirirlər ki, insanlar çox vaxt pulsuz sınaq müddəti başa çatdıqdan sonra abunəliyin avtomatik yeniləndiyini unudurlar. Nəticədə istifadə etmədikləri və ya aylarla açmadıqları tətbiqlər üçün bank kartlarından hər ay ödəniş tutulur.

Ekspertlərinin fikrincə, bir nəfərin eyni vaxtda 5-10 fərqli rəqəmsal xidmətə abunə olması artıq adi haldır. Hər bir xidmət üçün aylıq 5-20 manat ödənildiyini nəzərə alsaq, istifadəçi ay ərzində 50-100 manata, il ərzində isə yüzlərlə, bəzən min manata yaxın vəsait xərcləyə bilər. Maraqlıdır ki, bu xidmətlərin bir hissəsi ümumiyyətlə istifadə edilmir.

Xüsusilə film və serial platformaları, musiqi tətbiqləri, bulud yaddaşı, süni intellekt xidmətləri, VPN proqramları, fitnes tətbiqləri və mobil oyunlardakı premium paketlər ən çox unudulan abunəliklər sırasındadır.

Psixoloqlar bunu "abunəlik yorğunluğu” adlandırırlar. İstifadəçilər aşağı aylıq məbləğlərə diqqət yetirmədikləri üçün ümumi xərclərinin nə qədər artdığını hiss etmirlər. Avtomatik ödəniş sistemi də bu vərdişi gücləndirir.

Mütəxəssislər lazımsız xərclərin qarşısını almaq üçün ayda ən azı bir dəfə bank çıxarışlarını yoxlamağı, istifadə olunmayan xidmətlərin abunəliyini ləğv etməyi və pulsuz sınaq müddəti bitməzdən əvvəl xatırlatma qurmağı tövsiyə edirlər.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR