Neftçilər prospektinin bağlı qalmağı həmin ərazidə yaşayan insanlara çətinlik yaradır.Bu barədə Day.Az saytına oxucuların birinin göndərdiyi məktubda qeyd olunub. "2 ay ərzində Neftçilər prospektində gedən təmir işləri ilə bağlı Zərifə Əliyeva küçəsi, Bülbül prospekti və Səməd Vurğun küçələrinə çıxış bağlanıb. Bir neçə gün öncə bu yollar açılmışdı, lakin yenidən bağlanıb. Səbəb nədir?" - məktubda qeyd olunub. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, yolun yenidən bağlanması ilə əlaqədar onda informasiya yoxdur. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev də qeyd olunan məsələni araşdıracağını deyib. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin adının açıqlanmasını istəməyən əməkdaşı isə bildirib ki, yolun bağlanması keçirilən tədbirlə əlaqədar olub. "Bildiyiniz kimi, Neftçilər prospektində təmir işləri hələ tam başa çatmayıb. Dəniz vağzalı hissəsindən Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan hissədə təmir işləri hələ də davam edir. Yolun həmin hissəsi ya sentyabrın 13-də, ya da 14-də açıla bilər", - o əlavə edib.