Seymur Verdizadə
Əkrəm Əylisli iki-üç il əvvəl gənc yazarlardan birinə belə demişdi: “Siz tərbiyəsiz deyilsiniz, amma özünüzü tərbiyəsiz uşaq kimi aparmaq istəyirsiniz”.
Qız kimi həyalı olan bir şair öz şeirlərində tez-tez vulqar ifadələrə yer verir. Ötən gün bu barədə ona sual verəndə, belə dedi: “Qoy, oxucular elə bilsin ki, mən də postmodernistəm”.
Onun ağlına şübhə etməyə başladığımı görəndə, əlavə izahat verməli oldu: “Bu şeirləri valideynlərimin yanında üzə çıxarmıram. Atam bilsə ki, belə şeirlər yazıram, dərimə saman təpər”.
Yadıma gənc yazarlardan birinin iki il əvvəl dayısı qızının toyunda dava salması düşdü. Məclis başlamamışdan əvvəl oğlan evi qərara alır ki, toyda heç kim sağlıq deməsin. Yazar dostumuz yaxşıca yeyib-içəndən sonra dayısının yaxasından yapışır: “Atama niyə söz vermirsiniz? Axı o, bizim ağsaqqalımızdır”.
Bəyin qardaşı bu hadisəni mənə danışanda xeyli gülmüşdüm. Çünki həmin yazar indiyə kimi ağsaqqallıq institutunun əleyhinə ən azı iyirmi məqalə yazıb. O, əli qələm tutandan bu günə kimi sübut etmək istəyir ki, ağsaqqallıq institutu sovet dövründən qaldığı üçün ondan imtina etmək lazımdır. Amma nədənsə, imtina prosesinə öz evindən başlamaq onun ağlına gəlmir...
Beş-altı il əvvəl bizim məhəllədə toya şortiklə gedən bir gənc yaşayırdı. İşə gedəndə bəzən onunla eyni qatara minirdik. Metroda heç vaxt gənc qızlara yer vermirdi. Mən kiməsə yer vermək istəyəndə, belə deyirdi: “O qız səndən də sağlamdır. Beş-on dəqiqə ayaq üstə dayansa, dünya dağılmaz ”.
O qədər üzlü adam idi ki, hətta yaşlı kişilərə, qoca arvadlara da yer vermirdi. Bu hərəkətinə görə onu məzəmmət edəndə, belə cavab verirdi: “Qoca kişidir, qaxılıb otursun xarabasında. Yaşlı adamlar bulvara gəzməyə getməsələr, ictimai nəqliyyatda basabas olmaz”.
Tale elə gətirdi ki, bir dəfə babasını 9 May Qələbə Günü münasibətilə keçirilən bayram şənliyinə aparanda onunla metronun “Gənclik” stansiyasında qarşılaşdıq. Şəhərdə qələbəlik olduğundan qatara çətinliklə minə bildik. Heç kim yer vermədiyi üçün mənzil başına çatana kimi ağsaqqal çox əziyyət çəkdi. Özünü müasir oğlan hesab edən qonşumuz babasının haldan-hala düşdüyünü görəndə, donquldanmağa başladı: “Bu zırramaların biri kişiyə yer vermir ki, yazıq rahat yol getsin ”.
Özümü saxlaya bilmədim: “Bu sözü ən azı yüz dəfə də sənin haqqında deyiblər. Gərək, ağsaqqal görəndə ayağa durasan ki, başqası da sənin babana yer versin”.
Bu qəbildən olan faktların sayını daha da artıra bilərik. Amma gündəlik həyatda belə hadisələrlə tez-tez qarşılaşdığımız üçün söhbəti uzatmaq istəmirəm. Düzdür, heç bir gəncin ictimai nəqliyyatda qız-gəlinə, lap elə ömrünün ahıl çağını yaşayan hansısa qocaya yer vermək kimi bir öhdəliyi yoxdur. Bu cür məsələlər könüllülük prinsipi əsasında tənzimlənir. Amma ağsaqqal qarşısında ayağını-ayağının üstünə aşırıb oturan cavan oğlan bu hərəkətinin bədəlini ödəməyə də hazır olmalıdır. Yəni, sabah babası metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” stansiyasına kimi ayaq üstə gedəndə it kimi mırıldayıb, camaatın zəhləsini tökməməlidir...