Abşeron rayon Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa olunan binaların tikintisi artıq başa çatıb. Ümumilikdə 13 ədəd beşmərtəbili binadan ibarət yeni şəhərciyə paytaxtdakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi planlaşdırılır.
Ancaq bəzi yataqxanalarda köçürülmə prosesində bəzi narazılıqlar ortaya çıxıb. Belə ki, Dövlət Neft Akademiyasının tələbə yataqxanasında məskunlaşan Zəngilan rayonundan olan məcburi köçkünlərin problemi hələ də həllini tapmayıb.
Yataqxanada yaşayan məcburi köçkünlərin AZXEBER.COM-a verdiyi məlumata görə, köçürülmə prosesi ləng həyata keçirilir. Onlara deyilən tarixin gecikdirilməsi isə, bəzi bəhanələrlə izah olunur.
“Rayon icra hakimiyyətinin nümayəndələri hələ də köçürülmənin dəqiq tarixni bizə demirlər. Artıq digər bölgələrdən olan məcburi köçkünlər köçürülüb. İndi də deyirlər ki, 7-ci mkr-da olan yataqxana sakinləri köçürüldükdən sonra bizi köçürəcəklər. Onsuzda illərdi bu antisanitariya şəraitində yaşayırıq. Heç olmasa indi bizim işimizi ləngitməsinlər”.
Məsələylə bağlı, AZXEBER.COM portalı olaraq Zəngilan RİH ilə əlaqə saxladıq. İcra hakimiyyətindən portalımıza verilən məlumata görə, binalar artıq yaşayış üçün tam hazır vəziyyətə gətirilib. Köçürülmə ilə bağlı məsələ isə, dövlət proqramına uyğun şəkildə aparılacaq. Bununla bağlı işlər davam etdirilir və yaxın günlərdə adıçəkilən ərazidə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi prosesi başlanılacaq.
Əfsələddin Ağalarov