ADNA terrordan dərs çıxarmayıb (REPORTAJ)

ADNA terrordan dərs çıxarmayıb (REPORTAJ)
GƏNCLİK
11:22 28.09.2011
2892
Aprel ayının 30-u səhər saat 09:30-da baş verib. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum olmuşdu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilmişdi. 
Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) həmin qanlı və dəhşətli tarixdən sonra təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi Azərbaycanda ən çox müzakirə olunan məsələlərdəndir. Həmin hadisədən bizi təxminən 3 il yarım vaxt ayırır. 
Xatırladaq ki, ADNA-dakı terrorun birinci ildönümü ərəfəsində Baş Prokurorluq Təhsil Nazirliyinə məktub göndərərək, ADNA-da və digər təhsil müəssisələrində mühafizə tədbirlərinin görülməsini tövsiyə etmişdi. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun imzaladığı məktubda bildirilirdi ki, təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması üçün həmin müəssisələrin xüsusi mühafizəsi təşkil olunmalı, binalara giriş-çıxış qaydaları müəyyən edilməli, fövqəladə hallar zamanı binanın tərk edilməsi üçün xəbərdaretmə qurğusu və digər mühafizə sistemləri quraşdırılmalı, ehtiyat çıxışlar sərbəst olmalı, digər zəruri tədbirlər görülməlidir. Məktubda Təhsil Nazirliyindən qeyd olunan məsələlərin həlli üçün tədbirlər görməsi və nəticələri barədə 1 ay müddətinə Baş Prokurorluğa məlumat verilməsi xahiş edilir.
Bu hadisədən sonra respublikanın bütün orta və ali təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstərişlər verilib. Hadisədən 3 il ötəndən sonra hazırda təhsil müəssislərində təhlükəsizlik səviyyəsinin nə yerdə olmasını öyrənməyə çalışdıq. 
İlk olaraq elə şəhərin mərkəzində yerləşən ali təhsil olacaqlarından başladım. Sınaq girişim Bakı şəhəri, S.Rüstəm küç., 25-də yerləşən Bakı Slavyan Universiteti və Bakı ş, R. Behbudov 60-da yerləşən Xarici Dillər Universiteti oldu. Düzdür, içəri daxil olarkən kim olduğumu və tələbə biletimi soruşdular. Təbii ki, üzərimdə heç bir sənəd yox idi, buraxmayacaqlarını sandım, amma zənnimdə yanıldım. Hər iki ali təhsil ocağının mühafizə xidmətinin əməkdaşları mənə güzəşt edib içəri girməyimə icazə verdilər. 
Eyni ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ən əsası 2009-cı il 30 aprel tarixində müəllim, tələbə heyətinin qətlə yetirildiyi ADNA kimi tanınan Azərbaycan Dövlət Neft Akademiyasına maneəsiz daxil oldum. ADNA-da mühafizəçilər olsa belə mənə inanıb içəri daxil olmağıma icazə verdilər. 
Növbəti ünvan Bakı Dövlət Universiteti idi. Azərbaycan Memarlıq və İnşaat Universitetindən çıxıb buraya daxil olmağı planlaşdırırdım, amma fərqli şəkildə qarşılandım. Qapıdakı mühafizə xidmətinin əməkdaşı məni sorğu-suala tutmağa başladı. Tələbi biletimi tələb etdi, daha sonra neçənci kursda oxuduğumu, fakültəmi və dekanımın adını soruşdu. Eyni vəziyyətlə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində də rastlaşdım. Nəticədə hər iki universitet tələbi bileti olmadan məni içəri buraxmadı. 
Qeyd edim ki, bu yaxınlarda modern.az saytı tədris ilinin başlanmasına bir neçə gün qalmış araşdırma aparıb. Bakı Slavyan Universiteti, Dillər, Texniki, Bakı Dövlət, Neft Akademiyası, Dövlət İdarəçilik Akademiyasının mətbuat xidmətləri ali təhsil ocaqlarında təhlükəsizlik ximətinin gücləndirilmiş iş rejmində fəaliyyət göstərəcəklərini bildiriblər. Lakin araşdırmamız nəticəsində gücləndirilmiş iş rejminin həqiqətdə necə gücləndirildiyinin şahidi olduq. 
Saytın yazdığına görə, təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır. Təhsil naziri Misir Mərdanov isə mətbuata açıqlamalarında bir neçə dəfə etiraf edib ki, bütün məktəblərin mühafizəsi mümkün deyil: “Azərbaycanda 7 mindən artıq təhsil müəssisəsi var. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər”. 
Bununla bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, bu işə nazirlik baxmır və ümumiyyətlə, qurumun təhsil ocaqlarında təhlükəsizlik xidmətinin təşkil edilməsi ilə bağlı hər hansı sərəncamı da yoxdur. 
ADNA-nın prorektoru Qasım Məmmədov təhsil müəssisəsinin təhlükəsizliyinin necə təşkil edilmsi barədə ANS PRESS-in sualına cavabında bildirdi ki, tələbi bileti olmayan heç bir şəxs universitetə buraxılmır: “Bizim Daxili İşlər Nazirliyi ilə müqaviləmiz var. Universitetin hər korpusuna iki polis mühafizəçisi təyin edilib”. 
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən isə məsələnin mexanizminin necə olduğunu açıqladılar. Deməli, hər hansı təhsil müəssisəsinin təhülkəsizliyinin təmin olunması üçün fərdi şəkildə həmin müəssisədən polis mühafizə orqanlarına müraciət daxil olmalı və ya tərəflər arasında müqavilə imzalanmalıdır. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ANS PRESS-ə bildirdi ki, bu vaxtadək mühafizə polisi qurumlarına mühafizənin təşkil edilməsi ilə bağlı 41 tədris müəssisəsindən müraciət daxil olub. Onlardan 12-si ali məktəbdir. 
Qasım Məmmədovun sözlərindən belə aydın oldu ki, ADNA da həmin 12 ali məktəbin sırasındadır. Lakin mühafizənin necə təşkil olunduğunu, tələbi bileti olmayan naməlum şəxslərin universitetə daxil olmaq imkanına malik olduğunun şahidi olduq. 
Lakin sevindirici bir hal var. Ali təhsil ocaqlarından fərqli olaraq orta məktəblərin mühafizəsi çox yaxşı təşkil olunub. Olduğumuz ən azı beş məktəbdə mühafizə etibarlı şəkildə aparılırdı. Kənar şəxslər qətiyyən məktəbə buraxılmırdı. 
Görəsən, ali məktəblərin mühafizəsi nə vaxtsa ali şəkildə təşkil ediləcəkmi?
OXŞAR XƏBƏRLƏR