Almaniyanın Azərbaycandakı səfiri beynəlxalq tədbiri necə pozub? - Təhlil

Almaniyanın Azərbaycandakı səfiri beynəlxalq tədbiri necə pozub? - Təhlil
Bütün Xəbərlər
12:50 19.04.2013
1432

Azərbaycanın bölgədə artan nüfuzu, proseslərə təsir imkanları onun artıq bir sıra qlobal və dünya əhəmiyyətli layihələrin iştirakçısı olmaq şanslarını da artırıb. Heç kimə sirr deyil ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrinin ciddi cəhdlə keçirməyə cəhd etdiyi iqtisadi və siyasi konfranslara ən yüksək səviyyədə ev sahibliyi edir. Son olaraq ölkəmizdə Davos İqtisadi Forumunun keçirilməsini xatırlatmaq kifayət edir ki, Azərbaycanın regiondakı siyasi çəkisini müəyyən etmək mümkün olsun.

Beynəlxalq səviyyəli tədbirlərə ölkəmizin uğurlu ev sahibliyi, tədbirlərin yüksək səviyyədə təşkili xarici qonaqlarda bir heyranlıq yaradır və və onlar mətbuata verdiyi açıqlamalarda bunu açıq şəkildə etiraf edirlər. Davos Forumunun icraçı direktoru Klaus Şvab, Moskva Beynəlxalq Münasibətlər İnsitutu məzunlarının Bakıda keçirilən görüşündə iştirak edən Rusiyanın tanınmış telejurnalisti Kseniya Sobçakın yüksək qonaqpərvərliyə və təşkilatçılığa görə, ölkə rəhbərliyinə təşəkkür etməsi buna bariz nümunə sayıla bilər.

Bu cür beynəlxalq tədbirlər çərçivəsində 17-21 aprel tarixlərində Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Almaniyanın “Qlobal körpü” Atlantik Şurası “Avropanın gənc liderləri” adlı beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul etdi.

Tədbirə Avropadan 45, Amerikadan 15 nümayəndə olmaqla, 70 gənc liderin qatılması gözlənilirdi. Ancaq maraqlıdır ki, “Azərbaycanın enerji strategiyası və resursuları”, “Həll olunmamış Dağlıq Qarabağ problemi”, “Azərbaycan Mərkəzi Asiya ilə Şərqi Avropanın kəsişməsində”, “AŞ və NATO-nun Azərbaycanın xarici siyasətində rolu” kimi əhəmiyyətli mövzularının müzakirə olunacağı tədbir nədənsə reallaşmadı.

Haqqın.az saytı bu beynəlxalq tədbirlə bağlı olduqca ilginc məlumat yayıb. Belə ki, ötən ilin dekabr ayında hazırlıqlarına start verilən tədbirdə təşkilatçılardan olan Almaniyanın “Qlobal körpü” Atlantik Şurası ilkin olaraq Azərbaycana dörd yerlik kvota ayırıb. Bu yerlədən ikisi Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, biri Azərbaycan Diplomatik Akadamiyası, biri isə NATO-nun Azərbaycandakı Məktəbi üçün nəzərdə tutulub. Prosesin gedişində “Qlobal körpü” ölkəmizin tədbirdə keyfiyyətli iştirakını təmin etmək üçün Azərbaycana ayrılan yerlərin iki dəfə artırılaraq, səkkizə çatdırılması təklifi ilə çıxış edib. Təşkilat Azərbaycan tərəfinə izah edib ki, Almaniyanın ölkəmizdəki səfirliyi Azərbaycan tərəfi üçün artırılan dörd yerə nümayəndələrin məhz səfirlik(?!) tərəfindən seçilməsinə israr edir. Azərbaycan tərəfi bu təkliflə razılaşıb və gənc, istedadlı və intellektual gənclərin önə çıxarılması mənasında müsbət təklif kimi dəyərləndirib. Ancaq tədbirə hazırlıq prosesinin apardıldığı üç ay müddətində Azərbaycan tərəfi “Qlobal körpü” təşkilatının rəhbərliyindən Almaniya səfirliyi tərəfindən seçiləcək iştirakçıların kimliyi barədə məlumat verməyi dəfələrlə xahiş etsə də, bu adlar üç ay ərzində gizli saxlanılıb.

Bununla belə Azərbaycan beynəlxalq tədbirə hazırlıqlarını yüksək səviyyədə davam etdirib. Hazırlıq məqsədilə proqram təşkil olunub, otellər danışılıb və ölkəmizin üzərinə düşən bütün xərclər ödənilib. Lakin bu müddət ərzində “Qlobal körpü” təşkilatından dörd nəfərin kimliyi ilə bağlı heç bir cavab alına bilməyib. Fevral ayında Azərbaycan tərəfi özünün beynəlxalq konfransda iştirak edəcək səkkiz nəfərlik nümayəndə heyətini müəyyən edib. Bu məqamda qeyd etmək lazımdır ki, konfransın proqramında Azərbaycandakı daxili vəziyyətin müzakirəsi ilə bağlı öncədən heç bir mövzu salınmayıb.

Tədbirə hazırlıqların başa çatmağa yaxınlaşdığı bir məqamda Almaniyanın Azərbaycandakı səfirliyi tədbiri pozmaq qərarı verib və Azərbaycan tərəfindən iştirak edəcək dörd nümayəndəni özünün müəyyən edəcəyini deyib.

Haqqın.az saytı yazır:

“Təsəvvür edirsinizmi ki, Almaniyada keçirilən hansısa tədbirdə Azərbaycan səfirliyi Almaniyadan qatılacaq nümayəndələri müəyyən etmək iddiası ilə çıxış etsin? Bu əlbəttə ki, mümkün deyil və Azərbaycanın daxili işlərinə qarışmaqdır cəhdidir. Ortaya maraqlı sual çıxır? Almaniyanın Azərbaycandakı səfirliyi bu addımı ilə nəyə nail oldu? O ciddi cəhdlə bu konfransda blogger Emin Millinin və Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin iştirakına təkid etdi. Niyə? Çünki Almaniya səfirliyinin beynəlxalq qlobal məsələlərin müzakirəsinin planlaşdırıldığı bu konfransı Azərbaycanın əleyhinə çevirmək niyyəti var idi. Düşünün, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini faşist adlandıran və iqtidara gələcəyi təqdirdə kütləvi həbslər həyata keçirəcəyini deyən Emin Milli əgər bu “demokratik” ideyalarını reallaşdıra bilsə, nələr baş verəcək?!

Bu məqamda bir daha beynəlxalq konfransda müzakirəsi planlaşdırılan mövzuları təkrar xatırladırıq: “Azərbaycanın enerji strategiyası və resursuları”, “Həll olunmamış Dağlıq Qarabağ problemi”, “Azərbaycan Mərkəzi Asiya ilə Şərqi Avropanın kəsişməsində”, “AŞ və NATO-nun Azərbaycanın xarici siyasətində rolu”.

Aydındır ki, Emin Milli və Anar Məmmədli yuxarıda qeyd edilən mövzular üzrə ekspert sayıla bilməzlər və bu mövzuda müzakirələr aparmaq üçün heç bir elmi biliklərə sahib deyillər.

Azərbaycan tərəfi bu proseslərdən sonra “Qlobal körpü” Atlantik Şurasına “Avropanın gənc liderləri” adlı konfransda bu cür şouya ehtiyac olmadığına dair iradlarını bildirir. Bundan sonra “Qlobal körpü” təşkilatının sədri SAM direktoruna 7 mart tarixli məktubunda yazır:

«We still see eye to eye in the cooperation of our two organizations and view the conference as a necessary and important event. If some of the Azerbaijani candidates suggested by the German Embassy are inappropriate (as you say and as we read in the interview you sent), we will refrain from allowing their participation in the conference. However, we will invite the four candidates recommended by you to attend the conference. Both of our organizations have already invested so much time and energy in the conference—in your organization on-site in Baku and in our selection of 70 talented and impressive delegates—and we very much look forward to what is sure to be an informative, interesting, and stimulating event.

We both agree that the next important step is that we receive the official invitation for our delegation in order to ensure that all participants receive their visa in time».

Məktubdan da göründüyü kimi, “Qlobal körpü” təşkilatı ilə Azərbaycan tərəfi arasındakı mübahisələr əvvəlcədən razılaşdırılır və yalnız bundan sonra SAM “Qlobal körpü” təşkilatı ilə birgə dəvətnamələri paylama prosesinə başlayır.

Almaniya səfirliyi ölkəmizin daxili işlərinə müdaxilə etməyə davam etməsəydi, beynəlxalq tədbir Azərbaycanda baş tutacaqdı.Lakin martın 18-də “Qlobal körpü” təşkilatının nümayəndəsi SAM-a zəng edərək, Almaniyanın Azərbaycandakı səfiri Qerbert Kvelle və blogger Emin Millinin Almaniya Bundestaqına və Xarici İşlər Nazirliyinə məktub yazaraq, Bakıda keçiriləcək bu tədbirin ləğvini tələb etdiyini bildirir. Çünki, Azərbaycan tərəfi səfirə ölkəmizin daxili işlərinə və tədbirin təşkilatçılığına kobud şəkildə müdaxilə etməyə imkan verməmişdi…Və əlbəttə ki, Almaniya səfirliyinin davamlı təzyiqləri qarşısında tab gətirməyən “Qlobal körpü” təşkilatı “Avropanın gənc liderləri” adlı konfransı təxirə salır. Bundan sonra isə səfirlik tədbirin baş tutmamasına görə, bütün günahı SAM-ın üzərinə qoymağa çalışır.

Bundan sonra SAM direktoru bütün baş verənlərlə bağlı bu konfransda iştirak edəcək şəxsləri və qurumları məlumatlandırır. Amma əlbəttə ki, konfransın baş tutmamasına səbəbkar “Qlobal körpü” Atlantik Şurasıdır. Ancaq onunla yanaşı bu məsələdə təzyiq və şantajla məşğul olan Almaniya səfirliyi də məsuliyyət daşıyır. Baş verənlərdən zərərçəkənlər isə adi bir avantüra səbəbindən biletlərini qaytarmağa məcbur olan dünya miqyasında ciddi insanlar oldu.

SAM-ın gələcək planlarına gəldikdə isə, bu qurum yaxın gələcəkdə Azərbaycanda Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunu, QDİƏT ölkələrinin beyin mərkəzlərinin forumunu və digər beynəlxalq toplantıları keçirməyə hazırlaşır. Hansı ki, böyük ehtimalla biz bu tədbirlərdə nə Qerbert Kvelle, nə də Emin Millini görə biləcəyik…”Mənbə: Haqqın.azTərcümə: Editor.Az

OXŞAR XƏBƏRLƏR