Noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfəri çərçivəsində Avropa Yəhudilərinin Bakı dini icmasının sinaqoqunda olub.
AZXEBER.COM xəbər verir ki, ziyarət zamanı dini konfessiyaların nümayəndələri ilə görüşən qonağa Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq ölkəmizdə multikulturalizm və dinlərarası dialoq sahəsində formalaşmış zəngin təcrübə, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələri barədə məlumat verilib.
Almaniyanın xarici işlər naziri sinaqoqda yaradılmış şəraitlə tanış olub. Nazirə ölkəmizdə nəşr olunmuş Tövrat nüsxəsi nümayiş etdirilib. Bildirilib ki, yəhudi icması Azərbaycanın müxtəlif bölgələrində məskunlaşaraq digər dinlərin təmsilçiləri ilə birlikdə sülh, qarşılıqlı hörmət və əmin-amanlıq içərisində yaşayır.
Yohan Vadeful Azərbaycanda dövlət-din münasibətləri modelinin maraq doğurduğunu vurğulayıb, müxtəlif dinlər və məzhəblər arasında hökm sürən qarşılıqlı anlaşma və dini həmrəylik mühitini yüksək qiymətləndirdiyini qeyd edib.
Görüşdə iştirak edən dini icma nümayəndələri Azərbaycanda mövcud olan tolerantlıq, dini qurumlara dövlət tərəfindən göstərilən diqqət və qayğı barədə fikirlərini bölüşüblər.
Avropa Yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal ölkəmizdə icmanın sərbəst və təhlükəsiz şəraitdə yaşadığını, antisemitizm hallarına rast gəlinmədiyini bildirib.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bütün dini konfessiyalara göstərilən dövlət dəstəyinin dinlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı şəhəri "Hacı Cavad" məscidinin imamı İbrahim Quliyev və İlahiyyat məscidinin İmam müavini Məzahir Məhərrəmov ölkəmizin tarixən müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olduğunu diqqətə çatdırıblar. Onlar tolerantlıq prinsiplərinin dövlət siyasətində mühüm yer tutduğunu nəzərə çatdırıblar.
Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev icmaya göstərilən münasibət, ölkədə formalaşmış harmoniya mühiti və yəhudi məktəbinin fəaliyyətindən bəhs edib.
Görüşdə Almaniya Bundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Daniel Kölbl və Bundestaqın deputatı, "Birlik 90/Yaşıllar" partiyasının daxili siyasət məsələləri üzrə sözçüsü Lamya Kaddor da iştirak ediblər.
Almaniyanın Xarici İşlər Nazirliyinin sosial media hesablarında sinaqoqdakı görüşlə bağlı paylaşımlar edilib.

















































