“Ambassador” hoteli Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı oktyabrın 7-də “Müsavat Partiyası: 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı forumunun orada keçirilməsi barədə razılaşmadan imtina edib. AZXEBER.COM Müsavat qəzetinə istinadən xəbər verir ki, bu barədə dünən hotelin nümayəndəsi təşkilatçı tərəfin nümayəndəsi Ərəstun Orucluya məlumat verib.
Ə.Oruclunun dediyinə görə, hotelin nümayəndəsi ona zəng vuraraq sifarişin ləğv olunduğunu bildirib. O, heç bir səbəb göstərməyib. Hotelin yanında yerləşən “Niaqara” restoranı ilə tədbirin ziyafət hissəsi ilə bağlı razılaşma əldə olunubmuş. Dünən eyni vaxtda “Niaqara”nın nümayəndəsi də təşkilatçı tərəflə əlaqə saxlayaraq sifarişin ləğv olunduğunu deyib. Ə.Oruclu bildirdi ki, həm hotelə, həm də “Niaqara”ya əvvəldən beh də ödənilibmiş.
Qeyd edək ki, "Fridrix Naumann" Fondunun təşkilatçılığı və Müsavat Partiyasının dəstəyi ilə keçirilməsi planlaşdırılan forumda Müsavatın avropalı müttəfiqləri və onların dəvət etdiyi qonaqlar iştirak edəcək. Bu mötəbər tədbirə Türkiyə, Almaniya, Hollandiya, Finlandiya, Belçika, Gürcüstan və digər ölkələrdən xarici qonaqlar qatılacaq. Ə.Oruclu forumu hər bir halda keçirəcəklərini bildirdi.