Anar: “Vaqifi məndən bircə Facebook ala bildi”

MƏDƏNİYYƏT
12:34 02.07.2012
2386
“Əli və Nino” kitab kafesində Xalq şairi, tanınmış dramaturq Vaqif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunmuş “Məndən sonra dəniz qalacaq...” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Şövkət Kərimova, redaktoru Siyavuş Məmmədzadədir.Kitabda Vaqif Səmədoğlunun uşaqlıq, yeniyetməlik və gənclik illərindən, şairin yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən söhbət açılır. Kitabın özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, əsər bədii üslubda yazılıb. Kitabda Vaqif Səmədoğlunun həyatından xeyli maraqlı epizodlar vardır. Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitab haqqındakı fikirlərini belə ifadə edib: “Bu, çox dəyərli kitabdır, çünki ilk dəfədir həyatda olan yazıçı haqqında roman yazılır. Tanınmış insanlar barədə tədqiqatlar yazırlar, lakin bu kitab qələm əhli haqqında bədii formada yazılmış ilk əsərdir”. Vaqif Səmədoğlu ilə ilk gənclik illərindən başlayan yaxın dostluq münasibətlərindən danışan Anar bu barədə dediklərinə özünəməxsus yumorla söylədiyi bir fikirlə yekun vurub: “Bu uzun zaman ərzində heç bir qüvvə Vaqifi məndən ala bilməmişdi: nə aradan keçən illər, nə ədəbiyyat, nə Milli Məclis, nə də Nüşabə xanım... Vaqifi məndən bircə Facebook ala bildi”.Kitabın redaktoru Siyavuş Məmmədzadə şair haqqında demişdir: “O, polifonik şəxsiyyətdir. Mən hətta deyərdim ki, o, orkestr adamdır. Vaqif Səmədoğlu yaxşı şair olmaqla yanaşı, həm də gözəl musiqiçidir”.Kitabın müəllifi Şövkət Kərimova Vaqif Səmədoğlu haqqında kitab yazmağın çox məsuliyyətli iş olduğunu dilə gətirib.Tədbirdə Solmaz İbrahimbəyova, Rüstəm İbrahimbəyov, Mehriban Zəki, Günel Anarqızı və şairin dostları, həmkarları, pərəstişkarları da iştirak edib, öz çıxışlarında həm kitab, həm də Vaqif Səmədoğlu yaradıcılığı, şəxsiyyəti haqqında fikirlərini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR