Türkiyənin Elazığ şəhərindəki Mədəniyyət Mərkəzində türk dünyasında dərc olunan 23 ədəbiyyat jurnalının “Türk dünyasında ilin ədəbiyyat adamı” seçdiyi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anara Fırat Universitetinin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib.AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Nazirlər Kabineti Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının təşkilatçılığı ilə “Elazığ–Bakı Mədəniyyət və İncəsənət Günləri” çərçivəsində keçirilən mərasimdə Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl Azərbaycan və türk dünyasının görkəmli ədibi Anara fəxri doktor diplomunu təqdim etməkdən qürur hissi keçirdiyini vurğulayıb. Xalq Yazıçısı Anar türk dünyasının ədəbiyyat jurnallarının və universitet rəhbərliyinə təşəkkürünü bildirib, hələ uşaq yaşlarından anası və atasından türk şairlərinin şeirlərini dinlədiyini qeyd edib. Yunus Əmrədən Nədimə, Namik Kamaldan Tevfik Fikrətə, Rıza Tevfikdən Yəhya Kamala qədər bütün şairlərin şeirlərinin çoxusunu əzbər bildiyini deyən Xalq Yazıçışı Anar vurğulayıb ki, bu fəxri doktor diplomunu onların da adına qəbul edir. Məhz bu şairlər onun qəlbində Türkiyəyə qarşı böyük sevgi oyatmış və bu hiss ömrünün sonunadək yaşayacaq.Sonda türk xalq musiqisi sənətçilərinin konserti olub.