Aqrar sahədə kadr çatışmazlığı: “Xaricdən mütəxəssislər gətiriləcək” - VİDEO

Aqrar sahədə kadr çatışmazlığı: “Xaricdən mütəxəssislər gətiriləcək” - VİDEO
SOSİAL
12:59 04.11.2026
195
"Xarici mütəxəssisin cəlb olunması məqsəd deyil, vasitədir. Əsas məqsəd bilik və texnologiyanın ölkəyə gəlməsi, yerli kadrların hazırlanmasıdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, kənd təsərrüfatının şaxələndirilməsi və ixracyönümlü məhsul istehsalı ölkənin iqtisadi gündəliyinin əsas istiqamətlərindəndir. Bu baxımdan aqroparklar mühüm rol oynayır:

"Lakin müasir aqrar texnologiyaların tətbiqi dərin bilik və təcrübə tələb edir. Bəzi sahələrdə isə ixtisaslı kadr çatışmazlığı var. Təklif olunan qanun layihəsinin qəbul edilməsi ilə iki vacib məsələ həllini tapacaq. Belə ki, aqropark rezidentinə, onun rəhbərinə və müavinlərinə, eləcə də cəlb etdiyi aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə iş icazəsinin alınması tələbi aradan qalxacaq. Həmin şəxslərə müvəqqəti yaşamaq icazəsinin verilməsi mümkün olacaq. Bu yanaşma texnologiyalar parkının rezidentləri üçün artıq mövcud olan praktikanın aqrar sahəyə tətbiqidir”. 
 

Naqif Həmzəyev vurğulayıb ki, xarici mütəxəssislərin ölkəyə cəlb edilməsində əsas məqsəd yerli kadrların yetişdirilməsi və müasir texnologiyaların mənimsənilməsi olmalıdır:

"Xarici mütəxəssisin cəlb olunması məqsəd deyil, vasitədir. Əsas məqsəd bilik və texnologiyanın ölkəyə gəlməsi və yerli kadrların hazırlanmasıdır. Xarici mütəxəssis yerli aqronomun, baytarın və fermerin yetişməsinə töhfə verdikdə bu mexanizm həqiqi nəticə vermiş olacaq. Layihənin 2027–2032-ci illəri əhatə edən müvəqqəti xarakteri də nəticələri qiymətləndirməyə imkan verəcək”.

Deputat əlavə edib ki, növbəti illərdə bu dəyişikliklərin daha beş il uzadılmasına ehtiyac yaranmaması üçün indidən yerli mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır:

"Yerli gənc mütəxəssislərin xarici mütəxəssislərlə birgə çalışmasını təmin edən və təşviq edən mexanizmlər hazırlamağa çalışmalıyıq”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR