Atatürk üçün xüsusi hazırlanmış tapança Londondakı “Christie’s” auksion evində hərraca çıxarılaraq 20 000 funt-sterlinqə (25 400 manat) satılıb. Tapançanı Hollandiyada yaşayan türkiyəli bank işçisi Bülənd Türker alıb.
Qeyd edək ki, “Browning”markalı silah Atatürklə eyni dövrdə yaşamış Argentina prezidenti Marselo Torkuato de Alvear tərəfindən Türkiyə respublikasının qurucusu üçün məxsusi hazırlatdırılıb və üstünə “General Mustafa Kamal” yazılıb.
Məlumata görə, hərracı 60 yaxın silah kolleksiyaçısı telefonla və internetlə izləyiblər. Tapançanı Türkiyəyə aparacağını deyən Bülənd Türker silahı almağa müvəffəq olduğu üçün özünü xöşbəxt hesab etdiyini bildirib. Tapançanın ümumi qiyməti isə vergi və s. xərclərlə birlikdə 26 000 funt-sterlinqə (33 000 manat) başa gələcək.
