Görüşdə Azərbaycan Dillər Universitetinin, Qərb Universitetinin, Bakı Slavyan Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.
Görüşdə Vladimir Doroxinə ATGTİ-nin fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verilib. Ölkələrimiz arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək layihələrdən bəhs edilib.
Öz növbəsində səfir Azərbaycan və Rusiya arasında mövcud olan əlaqələrdən söhbət açıb və bu əlaqələrin hər iki ölkə üçün böyük önəmini vurğulayıb. O qeyd edib ki, bu gün Rusiya Azərbaycanı özünün əsas strateji tərəfdaşlarından biri kimi dəyərləndirir və münasibətlərin belə müsbət məcrada davam etməsi hər iki ölkə üçün əhəmiyyətlidir.
Görüşdə Slavyan Universitetinin Rusiyaşünaslıq fakültəsi tələbələrinin Rusiyada, Moskva Dövlət Universitetinin Azərbaycanşünaslıq fakültəsi tələbələrinin isə Bakıda təcrübə keçmələri üçün şəraitin yaradılması məsələsi müzakirə edilib.