Bu barədə "Der Spiegel" nəşri hakim koalisiyaya daxil olan Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial Demokrat Partiyası (SPÖ) və NEOS partiyalarının nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qanun layihəsi artıq parlamentə təqdim edilib və gələn ildən qüvvəyə minməsi gözlənilir.
Sosial şəbəkələr üçün 2027-ci il aprelin 1-dək keçid dövrü nəzərdə tutulub. Bu müddət ərzində platformalar ya asılılıq yaradan funksiyaları aradan qaldırmalı, ya da 14 yaşdan kiçik istifadəçilərin xidmətlərə çıxışını məhdudlaşdırmalıdır.
Bundan başqa, böyüklər üçün nəzərdə tutulan internet saytlarına giriş yalnız istifadəçinin 18 yaşına çatdığını təsdiqlədikdən sonra mümkün olacaq.
Yaşın yoxlanılması dövlətin ID Austria sistemi və ya özəl xidmət provayderləri vasitəsilə həyata keçiriləcək.
Bildirilib ki, saytlar istifadəçinin yalnız 18 yaşına çatıb-çatmadığı barədə məlumat əldə edəcəklər. Digər şəxsi məlumatlara isə çıxışları olmayacaq.











































