Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"

Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
SOSİAL
15:42 21.08.2026
346
Qiymətləndirmə fəaliyyəti iqtisadiyyatın, maliyyə münasibətlərinin, daşınmaz əmlak bazarının və digər sahələrin dayanıqlı inkişafında mühüm rol oynayır. Bu sahədə qəbul edilən qərarların obyektivliyi və etibarlılığı isə ilk növbədə qiymətləndiricinin peşəkarlığından, bilik və səriştəsindən asılıdır.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) istifadəyə verdiyi yeni elektron hazırlıq platforması da məhz bu yanaşmadan irəli gəlir. Platforma namizədə öz bilik səviyyəsini yoxlamaq, zəif olduğu mövzuları müəyyənləşdirmək və praktiki tapşırıqlar vasitəsilə peşəkar hazırlığını inkişaf etdirmək imkanı verir.

Yeni elektron platformanın yaradılmasının məqsədi, onun Dövlət İmtahan Mərkəzinin (DİM) ixtisas imtahanına hazırlıqda rolu, müasir qiymətləndiriciyə qoyulan tələblər və IVS-in Azərbaycan dilində əlçatanlığının əhəmiyyəti barədə "Report" Azərbaycan Qiymətləndiricilər Palatası sədrinin müavini Ayan Qəmbərova ilə söhbət edib.

- Ayan xanım, qiymətləndirici ixtisas imtahanına hazırlıq üçün elektron platformanın yaradılması hansı ehtiyacdan irəli gəldi? Platformanı yalnız test bazası deyil, peşəyə hazırlıq vasitəsi kimi qiymətləndirmək olarmı?

- Biz platformanı yalnız imtahana qədər istifadə olunan sual-cavab sistemi kimi nəzərdə tutmamışıq. Əsas məqsəd namizədə öz bilik səviyyəsini obyektiv qiymətləndirmək, güclü və zəif olduğu mövzuları müəyyənləşdirmək imkanı yaratmaqdır. Qiymətləndirici üçün əsas məsələ yalnız imtahandan keçmək deyil. O, sonrakı mərhələdə real qiymətləndirmə fəaliyyəti zamanı düzgün metodoloji qərarlar qəbul etməli, istifadə etdiyi yanaşmanı əsaslandıra bilməlidir. Buna görə hazırlıq prosesinin sistemli qurulması bizim üçün vacibdir.

"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirmə fəaliyyəti üzrə 9 spesifik istiqamət müəyyənləşdirilib və mütəxəssislər DİM tərəfindən keçirilən ixtisas imtahanında həmin istiqamətlərdən birini seçirlər. Hər istiqamətin öz nəzəri və praktiki çərçivəsi var. Platforma namizədə özünü sınamaq, nəticələrini təhlil etmək və hazırlığını fərdiləşdirmək imkanı verir. Burada mühüm məqamı xüsusilə vurğulamaq istəyirəm.

Platformada yerləşdirilən test və praktiki tapşırıqlar DİM-in real imtahan suallarının surəti deyil. AQP-nin DİM-in imtahan bazasına çıxışı yoxdur və bizim məqsədimiz də real imtahan suallarını əvvəlcədən müəyyənləşdirmək və ya təxmin etmək deyil. Tapşırıqlar qüvvədə olan imtahan proqramları, milli qiymətləndirmə standartları və peşəkar biliklər əsasında hazırlanıb. Buna görə platformanı "imtahanda düşəcək sualların bazası" kimi qəbul etmək düzgün olmaz.

- Deməli, yüksək test nəticəsi avtomatik olaraq peşəkar qiymətləndirici olmağa zəmanət vermir?

- Şübhəsiz ki, imtahan nəticəsi peşəyə giriş üçün mühüm göstəricidir. Lakin peşəkarlığın bütün komponentlərini əhatə etmir. Qiymətləndiricinin real fəaliyyəti zamanı analitik düşüncə, məlumatların düzgün təhlili, metodologiyanın seçilməsi və tətbiq olunan yanaşmanın əsaslandırılması da mühüm rol oynayır. Müasir qiymətləndirici ilk növbədə, yüksək peşəkar məsuliyyət daşıyan müstəqil mütəxəssisdir. Onun fəaliyyəti yalnız obyektə müəyyən rəqəm yazmaqdan ibarət deyil.

Qiymətləndirici bazar məlumatlarını düzgün təhlil etməli, uyğun metodologiyanı seçməli və nəticənin obyektivliyini və etibarlılığını təmin etməlidir. Bunun üçün qanunvericilik və normativ tələbləri bilmək, milli qiymətləndirmə standartlarını tətbiq etmək, beynəlxalq standartları anlamaq, analitik düşünmək, məlumatlarla işləmək və etik prinsiplərə sadiq qalmaq zəruridir.

- Sizcə sürətlə qloballaşan dünmyamızda müasir qiymətləndiricinin ən vacib xüsusiyyətləri hansılardır?

- Burada bir neçə istiqamət xüsusilə önə çıxır: qanunvericilik və normativ bazanın mənimsənilməsi, milli və beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi, analitik düşüncə, məlumatlarla işləmək bacarığı, metodoloji qərarların əsaslandırılması və etik prinsiplərə sadiqlik.

Bazar dəyişir, metodologiyalar yenilənir, beynəlxalq standartlarda dəyişikliklər baş verir. Qiymətləndirici də bu dəyişiklikləri izləməli və öz biliklərini davamlı şəkildə yeniləməlidir. AQP-nin yanaşması da məhz davamlı peşəkar inkişaf prinsipinə əsaslanır.

- Beynəlxalq Qiymətləndirmə Standartlarının Azərbaycan dilinə tərcümə edilərək mütəxəssislərin istifadəsinə təqdim olunub. IVS-in Azərbaycan dilində əlçatan olması praktikada nəyi dəyişə bilər?

- Beynəlxalq Qiymətləndirmə Standartlarının Azərbaycan dilində əlçatan olması həm imtahana hazırlaşan namizədlər, həm də artıq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün mühüm metodoloji imkan yaradır. Burada məqsəd yalnız beynəlxalq sənədi tərcümə etmək deyil. Əsas məqsəd həmin prinsiplərin yerli peşəkar mühitdə daha rahat öyrənilməsinə və tətbiqinə şərait yaratmaqdır.

IVS müasir qiymətləndirmə fəaliyyətində beynəlxalq yanaşmaların formalaşdırılması baxımından mühüm mənbədir. Mütəxəssis bu standartlara çıxış əldə etdikdə gündəlik fəaliyyətində istifadə etdiyi metod və yanaşmaları beynəlxalq peşə prinsipləri ilə müqayisə edə bilir. Bu da zamanla qiymətləndirmə hesabatlarının keyfiyyətinə, metodoloji yanaşmaların vahidliyinə və peşəkar məsuliyyətin yüksəlməsinə töhfə verə bilər.

- Bəs qarşıdakı mərhələdə AQP-nin əsas prioriteti nə olacaq: imtahana hazır namizədlərin sayının artırılması, yoxsa daha keyfiyyətli qiymətləndirici korpusunun formalaşdırılması?

- Bizim üçün əsas hədəf yalnız imtahanı keçən mütəxəssislərin sayının artırılması deyil. Məqsəd Azərbaycanda bilikli, məsuliyyətli, beynəlxalq standartları anlayan və onları tətbiq edə bilən peşəkar qiymətləndirici korpusunun formalaşdırılmasıdır. Elektron hazırlıq platforması da bu prosesin yalnız bir hissəsidir. AQP bundan sonra da qiymətləndiricilərin bilik və bacarıqlarının davamlı inkişafına xidmət edən layihələr həyata keçirməyi planlaşdırır.

Çünki peşəkar qiymətləndirmənin keyfiyyəti yalnız ayrı-ayrı mütəxəssislərin fəaliyyətinə deyil, bütövlükdə bazarın etibarlılığına təsir göstərir. Bizim əsas məqsədimiz də bu etibarlılığın, peşəkarlığın və beynəlxalq standartlara uyğunluğun daha da möhkəmləndirilməsidir.
OXŞAR XƏBƏRLƏR