Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində danışıqlar davam edərkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinə dair növbəti diqqətçəkən bəyanatla çıxış edib. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və hüquqi müstəvidə ratifikasiya edilməsini 2031-ci ilə qədər olan əsas hədəfi kimi müəyyənləşdirdiyini bəyan edib.
Siyasi şərhçi Aydın Tağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, ölkəmiz üçün sülhün bu qədər gecikdirilməsi qəbuledilməzdir:
"Paşinyanın "2031-ci ilə qədər sülh sazişi imzalanmalıdır” açıqlaması əslində uzunmüddətli siyasi hədəf kimi təqdim olunur. Amma bu, həm daxili, həm də xarici siyasətdə bir sıra suallar doğurur. Sülhün 5 il və ya daha çox müddətə uzadılması, Ermənistan hökumətinin real siyasi iradədən çox, zaman qazanmaq niyyətini göstərə bilər. Bu, daxildə müxalifəti sakitləşdirmək, ordunun yenidən silahlanması və diplomatik manevrlər üçün fürsət yaratmaq məqsədi daşıya bilər. Ölkəmiz üçün sülhün bu qədər gecikdirilməsi qəbuledilməzdir”.
"Azərbaycan açıq şəkildə bildirir ki, sülh yalnız real hüquqi zəmin üzərində mümkündür və Konstitusiyada ərazi iddiaları qalarsa, bu proses kağız üzərində qalacaq. Fikrimcə, Paşinyanın açıqlaması daha çox diplomatik vaxt qazanmaq və daxili siyasi sabitliyi qorumaq məqsədi daşıyır. Amma sülhün bu qədər uzadılması regionda sabitlik riskini artırır və Azərbaycan üçün qəbul edilə bilən yanaşma deyil. Əslində, sülhün gecikdirilməsi tərəflər arasında etimad böhranını daha da dərinləşdirə bilər”,-deyə ekspert vurğulayıb.
Şahanə Ziyad











































