Azər Niftiyev“Bu gün Moskvadakı bahalı restoranlardan birində ABŞ prezidenti Corc Buş, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Əhməd Necdət Sezər bir araya gələrək, məxfi görüş keçiriblər. Bununla bağlı informasiya redaksiyamıza etibarlı mənbələrdən daxil olub. İnformasiyada qeyd olunur ki, dünya liderlərinin qapalı görüşündə əsas müzakirə mövzusu Azərbaycandakı seçkilər olub və hər üç ölkə başçısı qəti qərara gəlib ki, Azərbaycan iqtidarının başına Müsavat başqanı İsa Qəmbər gətirilsin. Tədbirə telefonla qatılan Müsavat liderinə özünü qorumaq və qarşıdakı seçkilərdə xalqın dəstəyini əldə etmək tapşırığı verilib”. Çoxları üçün xəyal və fantastika sayılacaq bu informasiya İsa Qəmbərin “media qrupu”na aid olan, 2001-ci ildə Müsavat başqanına düşmən, 2003-cü ildə isə dost olduğunu deyən İrfan Sapmazın avrasyaturk.com saytında dərc edilib.
Məsələnin ən maraqlı tərəfi yazılanlara Müsavat başqanı İsa Qəmbərin öz reaksiyası olub. “Avrasyaturk.com saytında yerləşdirilən Moskvada keçirilən məxfi görüşlə bağlı informasiya həqiqətə uyğundurmu və siz bu görüşə telefonla qatılmısınızmı” sualına başqan özünəməxsus əda ilə “Əgər informasiya deyildiyi kimi, məxfidirsə, mən buna şərh verə bilmərəm. İrfan bəy məlumatlı jurnalistdir, görünür nələrisə bilir. Amma unutmaq lazım deyil ki, bizim informasiyalarımız ondan daha çoxdur və biz Azərbaycanda hakimiyyət dəyişikliyi olacağına dair anonsları daha ciddi dairələrdən almışıq” şəklində cavab verərək, xalqa “Qələbəyədək siz gəlin, oradan sizi qələbəyə mən aparacam” çağırışını etməyi də unutmur.
Bu başqa müzakirə mövzusudur ki, ABŞ, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanda hansı yolla hakimiyyət dəyişikliyi edə bilərlər? Görünür Müsavat başqanı hakimiyyəti xalqın formalaşdırdığını unudaraq, əli ətəyindən uzun qərbə yarınmağı bundan üstün tutub.
Üzərindən çox yox, cəmi bir ay keçəndən sonra məlum oldu ki, sən demə nə Corc Buş, nə Putin, nə Sezər, heç İsa Qəmbəri Əli Kərimlinin özü belə müdafiə etmirmiş. Aldadılan, təxribata sürüklənən, taleyi üzərindən oyun oynanılan və ən nəhayət həbsə düşmələrinə “yaşıl işıq” yandırılan sadə insanlar seçkidən sonra başa düşdülər ki, onlar “Qələbə”yə yox, lap dünyanın yeddinci qatına qalxsalar da, İsa Qəmbər onları arxasınca aparacaq bir lider deyil. Lakin gec idi. Artıq qərb öz oyununu oynamışdı. Ssenari bu idi – cəmiyyət aldadılır, təxribatlara sürüklənir, hakimiyyətə qarşı qara-piar kampaniyası aparılır və bütün bunların fonunda Azərbaycan iqtisadi məsələlərdə müəyyən güzəştlərə təhrik olunur. Nəticədə də Azərbaycan vətəndaşlarının mövqeyi əsas götürülür və seçkinin real qalibi qərb dövlətlərinin rəhbərləri tərəfindən təbrik edilir. Yekunda İsa Qəmbərin təhlükəsizliyinə təminat verilir və o, böyük miqdarda qrant layihələrinin sahibinə çevrilir. Necə deyərlər, “əl əli yuyar, əl də üzü”.Əslinə qalsa İsa Qəmbərə lazım olan şey ona çatmışdı və xalqa onunla məzələnməyin hesabatını belə verməyə həvəsli deyildi. Yalnız bircə kəlmə ilə kifayətləndi: “Biz qərbə inteqrasiyada israrlıyıq və Azərbaycan xalqı mübariz olsaydı, hakimiyyəti dəyişə bilərdi”. Adama sual verən yoxdur ki, a kişi, axı səni Buş, Putin, Sezər birləşib “hakimiyyətə gətirəndə” niyə bunu təkzib etmirdin?! Əgər “xalqın nicatı özündədirsə”, onda niyə deyirdin “Qələbəyədək siz gəlin, oradan sizi qələbəyə mən aparacam”?! Niyə bu insanların zəif və iradəsiz yerlərindən yapışıb, “sarı sim”inə toxunub, təxribata sürükləyib, həbsə göndərib, özün rahatca siyasi fəaliyyətini davam etdirirdin?! Heç olmasa baş verənlərdən sonra niyə istefa verib, “ay camaat məni bağışlayın, sizi aldatmışam” deyib, ortaya siyasi mədəniyyət qoymurdun?!
Tarix həmişə işə yarayıb. Ən azı paralellər, müqayisələr aparmaq üçün. 2013-cü ildə 2003-cü ilin təkrarıdır. Sadəcə iki fərqlə. Birinci fərq illərin oxşarlığı və üçüncü rəqəmlərin 0 və 1 şəklində fərqlənməsindədir. İkinci fərq bu dəfə siyasi proseslərə təmkinli və siyasətşünas İsa Qəmbərin deyil, naşı və emosional Rüstəm İbrahimbəyovun rəhbərlik etməsindədir. Bir fərq də var. Fərq odur ki, indiki lider Rüstəm İbrahimbəyov dramaturqdur və o yazdığı ssenarilərə faciəli sonluq verməyə adət edib. Hələ proses başlamamış gah erməniləri tərifləmək, gah da qorxaq olduğunu söyləməklə, nala-muxa vurur, siyasi naşılığından dolayı yekunda nə baş verəcəyinin və özünün hansı yolla “aydan arı-sudan duru” çıxacağının anonsunu verir. Yəqin ki, o öz missiyasını azərbaycanlıları ermənilərdən cəsarətsiz olmaqda ittiham etmək və ermənilər üçün darıxdığını söyləməsinə haqq qazandırmaqla başa vuracaq.
P.S. ABŞ prezidenti Barak Obamanın Vaşinqtonda Milli Şura üzvlərini qəbul etməsini və Şura üzvü, KXCP sədri Mirmahmud Mirəlioğluna yüksək siyasi keyfiyyətlərinə görə, yüksək fəxri ad verməsini eşitsəniz, təəccüblənməyin.