Azərbaycanda bir sıra məmurlar vəzifələri ilə vidalaşır

Azərbaycanda bir sıra məmurlar vəzifələri ilə vidalaşır
Bütün Xəbərlər
10:23 17.02.2011
1790

Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizənin ilkin nəticələri müşahidə olunmaqdadır. Bu mübarizə çərçivəsində bir sıra məmurlar öz vəzifələri ilə vidalaşıb, bəziləri hətta cinayət məsuliyyətinə cəlb olunub. Ən əsası isə odur ki, bir sıra dövlət müəssisələrində tüğyan edən rüşvətxorluq əhəmiyyətli dərəcədə azalıb. 

Dövlət rəhbərliyi tərəfindən bu istiqamətdə davamlı iş aparıldığı dəfələrlə vurğulansa da, fərqli fikirdə olanlar da var. Mətbuata açıqlamalarında bəzi siyasilər korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni kampaniya kimi qələmə verirlər, müvəqqəti xarakter daşıdığını bəyan edirlər. Onların qənaətləri bundan ibarətdir ki, ərəb ölkələrindəki inqilablardan qorxuya düşən Azərbaycan hakimiyyəti belə bir addım atmağa məcbur olub. Bu tip fikir müəllifləri mövsümi xarakter daşıyan antikorrupsion tədbirlərin ciddi nəticələrinə şübhə ilə yanaşırlar. 

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə hesab edir ki, bu, heç də bəzilərinin düşündüyü kimi kampaniya deyil, müvəqqəti xarakter daşımır. "Bu, dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı aparmış olduğu mübarizənin tərkib hissəsidir. Sistemli mübarizənin artıq açıq şəkil alan son mərhələsidir. Bu mərhələdə cənab prezident birbaşa rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə iradəsini ortalığa qoyub. Bu, kifayət qədər ciddi bir prosesdir. Bu proses cəmiyyət üçün böyük problemə çevrilən və hər kəsi narahat edən məqamların nəticə etibarı ilə aradan qaldırılmasına yönələn siyasətin tərkib hissəsidir. Və biz bu sistemin konkret effekt doğuran nəticələrini görəcəyik". 

Millət vəkili korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə dövlət məmurları ilə millət vəkillərinin işbirliyini də zəruri hesab edir. O, əksər məmurların deputatların telefonlarına cavab verməmələri ilə bağlı bəzi həmkarlarının səsləndirdiyi fikirlərin həqiqətə uyğun olduğunu bildirdi və bunu həmin məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirdi. "Bu cür davranışlar aradan qaldırılmalıdır. Məmur və parlament hakimiyyətin qoşa qanadıdır. Onlar bir-birinə informasiya ötürməklə, bir-birlərinə yardım etməklə dövlət quruculuğu prosesində iştirak etməlidirlər və ortaya çıxan problemlərin aradan qaldırılmasında öz töhfələrini verməlidirlər. Çox təəssüf ki, bir sıra hallarda bəzi məmurlar nəinki telefonları götürmürlər, elə bilirlər ki, həmin sahələr ulu babalarından onlara miras qalıb. Düşünürəm ki, bütün bunlar haqqında cənab prezidentin informasiyası var və elə aparılmış olan mübarizənin tərkib hissəsində həm də bu durur ki, artıq hər bir kəs qanunlar çərçivəsində öz fəaliyyətini qurmalıdır". 

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə "Şərq"ə deyib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin ərəb ölkələrindəki inqilablarla heç bir əlaqəsi yoxdur. "Hələ son parlament seçkilərindən sonra cənab prezidentin apardığı siyasətin istiqamətlərindən görünürdü ki, rüşvətə, korrupsiyaya qarşı ciddi şəkildə mübarizə aparacaqdır. Dövlət başçısı artıq bu məsələlərə birmənalı şəkildə son qoymaq üçün fəaliyyətə başlayıb". DADP sədri hazırkı tədbirlərin bir qədər gecikmiş olduğunu söyləyənlərə də cavab verdi. "Məlum olduğu kimi, Azərbaycanın Qarabağ kimi böyük problemi var. Bu münaqişənin həlli istiqamətində ciddi addımlar atılırdı və ona görə də ölkə daxilində başqa ciddi islahatların aparılması ləngidilirdi. Lakin təəssüflər olsun ki, Qarabağ münaqişəsi həllini tapmayıb. Dövlətin siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclənib və daxildə bu proseslərin aparılması mexanizmi işə salınmalı idi ki, cənab prezident də bunu etdi". 

M.Əlizadə bir sıra məmurların vəzifədən çıxarılmasını da təqdirəlayiq hal kimi qiymətləndirir. "Dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıq edilsə də, bəzi məmurlar yerlərdə "atam mənə kor deyib, gəlib gedənə vur deyib" prinsipinə söykənərək neqativ addımlar atırdılar. Bu, geriyə yolu olmayan bir prosesdir. Çünki bu iradəni canab prezident şəxsən ortalığa qoyub, islahatların aparılması, ölkədə mənfi halların aradan qaldırılması üçün ciddi addımlar atmaqdadır. Hesab edirəm ki, bu islahatlar davamlı olacaq və ölkədə gedən proseslərə ciddi təsirini göstərəcək. Çünki Azərbaycanda orta təbəqənin, kiçik biznesin formalaşması istiqamətində maneələr var idi. Bunun da təməlində rüşvət, korrupsiya amili dayanırdı".

//Şərq qəzeti

 

OXŞAR XƏBƏRLƏR