Yeni ilin ilk 2 günündə respublika ərazisində 50 cinayət faktı qeydə alınıb. Onların sırasında oğurluqlar və qətllər olsa da, üstünlük təşkil edəni avtomobil qəzalarıdır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə yanvarın 1-də respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Yeni ilin ilk günü Binəqədidə qətl törədilib. Bayram gecəsi kirvələr Vüqar Namazovla İmran Bayramov Sumqayıtda qonaqlıq məclisində sərxoş olana qədər içiblər. İmranın sərxoş olduğunu görən qohumu onu Binəqədi rayonu, Novxanı bağlar massivindəki evinə ötürüb. Burada İmran Vüqara təşəkkürünü başqa formada edib. Çox sağol əvəzinə bacısı oğlu Ramil Rəsulovla birləşərək Vüqarı yaxşica əzişdiriblər. Bütün bunlar dekabrın 31-i axşam olub. Yanvarın 1-i isə Vüqar onu döyənlərin cavabını qaytarmaq üçün kirvəsinin evinə əli bıçaqlı gəlib. Binəqədi rayon Polis İdarəsinin Baş əməliyyat müvəkkili Vaqif Aslanovun ANS TV-yə verdiyi məlumata görə, İmran ürəyindən aldığı bıçaq yarasından xəstəxanada keçinib. Digər yaralı Ramil Rəsulov isə müalicəsini xəstəxanasında davam etdirir.
Yanvarın 1-də münaqişə zəminində daha 2 bıçaqlanma faktı qeydə alınıb. Hadisənin biri Mingəçevir şəhərində, digəri isə Bakının Xətai rayonunda baş verib. Mingəçevirdə həmyerlisi Anar Əmrahova bıçaqla xəsarət yetirən Aqil Məmmədov tutulub. Xətai rayonunda isə bayram günündə 2 dostun münaqişəsi biçaqlanma ilə nəticələnib.
Ümumilikdə yanvarın 1-də baş verən 5 cinayət hadisəsinin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Yanvarin 2-də isə respublikada 28 cinayət faktı qeydə alınıb ki, onlarin da 13-ü “isti izlər”lə açılıb. Axtarışda olan 1 nəfər tutulub. Dünən baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanaraq xəstəxanaya çatdırılıb. Narkotiklərlə bağlı 3 cinayət faktı müəyyən edilib. Hadisələr içərisində avtomobil qaçırma, qazdan partlayış, quldurluq, oğurluq, habelə fahişəliyə cəlb etmə kimi faktlar da var. Ümumilikdə 10 nəfər həbs olunub.
Dünən 11 yanğın hadisəsi də qeydə alınıb. Nəticədə 1 nəfər yaralanıb.
Həftənin ən dəhşətli hadisəsi isə Xəzər rayonu ərazisində baş verib. İlin son gecəsi saat 22.00 radələrində Qala-Binə yolunda elektrovozla "VAZ 2106" markalı maşın toqquşub. Qəza nəticəsində sürücü Yardımlı rayon sakini Şahəli Nəcəfov elektrovozun altina düşüb və bədəni bir neçə hissəyə bölünüb. Xəsarət alan sərnişinlər, oğlanları 10 yaşlı Rahib, 7 yaşlı Murad və 3 yaşlı Mehdi və bacısı oğlu İsmayıl Heydərov 3 saylı şəhər klinik xəstəxanasina yerləşdiriliblər. Ötən gün 3 yaşlı uşaq xəstəxanada keçinib. // Ans Press