Azərbaycanlı gənclərin Türkiyədə təhsil almaları ilə bağlı yaranmış problem aradan qaldırıldı
GƏNCLİK
09:19 20.04.2011
2360
Bu barədə Türkiyə Milli Təhsil Nazirliyinin Mətbuat Müşavirliyindən APA-nın azərbaycanlı tələbələrin Türkiyə universitetlərinə qəbulunda yaranmış bəzi problemlərlə bağlı suallarının cavabında bildirilib.
Müşavirlikdən deyilib ki, Sovetlər birliyi dağıldıqdan və türkdilli ölkələr müstəqillik qazandıqdan sonra bu ölkələrin yetişmiş insan gücü ehtiyacının ödənməsinə yardım göstərmək məqsədilə Türkiyə 1992-1993 tədris ilindən Böyük Tələbə Layihəsinin tətbiqinə başlayıb. Layihə çərçivəsində təqaüdlə təhsil almaq üçün Türkiyəyə gələn tələbələr universitetlərə yerləşdirilir. Bu zaman türk ölkələrinə ayrılmış yerlər, həmin ölkələrin tələbləri və Türkiyədəki ali təhsil müəssisələrinin vəziyyəti nəzərə alınır. Həmçinin, plana uyğun olaraq, həmin tələbələrin Türk Cümhuriyyətləri və Türkdilli Xalqların imtahanlarında (Türk Cumhuriyetleri ve Akraba Toplulukları Sınavı (TCS)) topladıqları ballar da nəzərə alınır.
Nazirliyin açıqlamasında qeyd olunur ki, ötən il martın 24-də Türkiyədə 5978 saylı Qanun qəbul edildikdən sonra həmin ölkənin müvafiq təşkilatları arasında koordinasiyanı təmin etmək məqsədilə Xaricdəki Türklər və Türkdilli Xalqlar Komitəsi yaradılıb. Bu qurum ötən dövr ərzində əldə olan məlumatlar əsasında araşdırma və qiymətləndirmə apararaq, 2011-2012 tədris ili üçün Azərbaycan kontingentini təyin edib və ixtisaslar barədə Azərbaycan Təhsil Nazirliyinə məlumat verib.
Müşavirlikdən əlavə edilib ki, Azərbaycan Təhsil Nazirliyi ehtiyac olan ixtisasları qarşı tərəfə təqdim edib. Bundan sonra TCS yenidən qiymətləndirmə apararaq ixtisasların siyahısını bu ehtiyaclara uyğun dəyişib və Azərbaycan Təhsil Nazirliyinə bildirib.
Azərbaycan Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov isə APA-ya deyib ki, Azərbaycan tərəfinin verdiyi kontiginent artıq qəbul olunub. Azərbaycan ixtisaslar baxımından öz marağını təmin edə bilib: “Bu ixtisaslar Azərbaycanın ehtiyac duyduğu ixtisaslardır. Söhbət xüsusilə də mühəndislik və tibb ixtisaslarından gedir”.
Xatırladaq ki, Türkiyə tərəfi bu il ixtisasların seçilməsi, sənədlərin qəbulu və qəbul prosesinin özləri tərəfindən aparılması barədə qərar qəbul edib. Eyni zamanda, Türkiyə tərəfi azərbaycanlı gənclərin dövlət xətti ilə tibb, mühəndislik ixtisaslarına qəbulunu dayandırıb, bunun müqabilində isə Azərbaycan tərəfini qane etməyən və onun ehtiyaclarına uyğun olmayan fənn ədəbiyyatı müəllimliyi, ilahiyyat, pedaqogika kimi ixtisaslara qəbulun aparılmasına qərar verib. Bunu iki ölkənin Təhsil nazirlikləri arasında imzalanmış protokola zidd hesab edən Azərbaycan Türkiyə universitetlərinə sənəd qəbulunu dayandırmışdı.